
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları, astronomiya elmləri doktoru, dosent Canməmməd Nizam oğlu Rüstəmovun və astronomiya üzrə fəlsəfə doktoru Ülviyyə Canməmməd qızı Poladovanın (Rüstəmova) “Kainatın dərk olunması mərhələləri” adlı kitabı çapdan çıxıb.
Kitabda antik dövrdən başlayaraq indiyə kimi astronomik fikrin inkişafı aydın şəkildə şərh edilmişdir. İnsanlar hələ qədim zamanlardan başlayaraq göy cisimlərinin mənşəyini anlamağa cəhd etmişdir. Ulduzlardan fərqli zahiri hərəkətlərinə görə beş planeti (Merkuri, Venera, Mars, Yupiter, Saturn) kəşf etmişlər. Müxtəlif bucaqölçən qurğular düzəldərək ulduzların koordinatlarını təyin etmiş və bu ölçmələr əsasında ulduz kataloqları tərtib etmişlər. Vaxtı bilmək üçün Günəş saatı (qnomon) qurmuşlar.
İbtidai insana ilk öncə gün ərzində görüləcək işləri planlaşdırmaq üçün vaxtı bilmək (saat), yaşadıqları ərazidə və səyahətlər zamanı istiqaməti müəyyən etmək (naviqasiya-səmtlənmə), əkin-biçin vaxtlarını dəqiq bilmək üçün fəsillərin dəyişmə vaxtını müəyyən etmək (il), hadisələrin başvermə ardıcıllığını müəyyən etmək və yadda saxlamaq (təqvim) lazım idi. Bütün bu məsələlərin həlli birbaşa astronomiya elmi ilə əlaqədardır. Astronomiyanın inkişafı tarixini şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: vizual və ya “vəziyyət” astronomiyası (klassik astronomiya), teleskopik astronomiya və çoxdalğalı və yaxud Yerdənkənar astronomiya. Göy cisimlərinin dəqiq vizual müşahidələri orta əsrlərdə azərbaycanın məşhur astronomu Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanasında aparılmışdır. Kitabda Nəsirəddin Tusi və Marağa rəsədxanası barədə ətraflı məlumat verilmişdir. Sonradan qurulan Uluqbəyin Səmərqənd və Tixo Brahenin Kopenhagen rəsədxanalarında Marağa rəsədxanasının qurğularından və bu qurğuların təkmilləşmiş varıantından istifadə etmişlər. Marağa rəsədxanasındakı müşahidələrin dəqiqliyinə bərabər müşahidələr Avropada təqribən 300 il sonra Tixo Brahenin yaratdığı Kopenhagen rəsədxanasında aparılmışdır. Kitabda bütün bunlar barədə ətraflı məlumat verilmişdir.
Kitabda geosentrik sistem və onun təqribən 1800 il sonra heliosentrik sistemlə əvəz olunması, Günəş sistemi, ulduzlar, qalaktikalar və Metaqalaktika, Böyük partlayış, əlavə hissədə isə Şamaxı Astrofizika Rəsədxanasının nailiyyətləri və onun əsas qurğusu olan 2-m teleskop barədə məlumat verilmişdir.
Nəsirəddin Tusi və Marağa rəsədxanası barədə məlumatlar mühüm əhəmiyyət daşıyır. Ona görə ki, xarici ölkədə nəşr olunan astronomiyaya aid kitablarda Nəsirəddin Tusinin astronomiya elminə verdiyi töhfələr kifayət qədər işıqlandırılmır. Ona görə də bu kitabın ingilis dilində çapı nəzərdə tutulur. Kitabın digər əhəmiyyəti astronomiya terminlərinin azərbaycan dilində təbliğidir. Bu da dilimizin daha da zənginləşməsinə şərait yaradır.
Kitab əsasən astronomiya ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da astronomiya və fizika müəllimləri, ali məktəblərin astronomiya ixtisası verən fakültələrinin bakalavr və magistr tələbələri üçün faydalı dərs vəsaitidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.