
Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Həsənbəy Arazov vəfat etmişdir.
Həsənbəy Arazov 12 iyul 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1961-ci ildə başlayan alim 1961–1981-ci illərdə Şamaxı Astrofizika Rəsədxanasında kiçik və böyük elmi işçi vəzifələrində fəaliyyət göstərmişdir. 1962–1964-cü illərdə Bakı Dövlət Universitetində böyük laborant kimi çalışmışdır. 1981–1984-cü illərdə Təbii Ehtiyatların Kosmik Müşahidəsi İnstitutunda, 1984–1991-ci illərdə isə yenidən Şamaxı Astrofizika Rəsədxanasında böyük elmi işçi kimi fəaliyyətini davam etdirmişdir.
Həsənbəy Arazov müxtəlif illərdə Şamaxı Astrofizika Rəsədxanasının Dissertasiya Şurasının üzvü olmuş, astrofizika sahəsində kadr hazırlığına mühüm töhfələr vermişdir.
Uzun illər Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərmiş alim 1988–2020-ci illərdə Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər şöbəsinin müdiri vəzifəsində çalışmış, 2020-ci ildən etibarən isə İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi kimi elmi fəaliyyətini davam etdirmişdir.
Həsənbəy Arazov “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunmuşdur.
Həsənbəy Arazov yalnız elmi fəaliyyəti ilə deyil, eyni zamanda yüksək insani keyfiyyətləri, sadəliyi, prinsipiallığı və gənc tədqiqatçılara daim dəstək göstərməsi ilə də həmkarlarının dərin hörmətini qazanmışdır.
Şamaxı Astrofizika Rəsədxanası rəhbərlik və elmi kollektiv adından görkəmli alimin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Həsənbəy Arazovun əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaqdır!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.