
Mart ayının 18-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı bölməsində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsində bürünc medal qazanmış “Neyrokey” layihəsinin üzvləri ilə görüş keçirilib.
Tədbiri rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açılış nitqi ilə başlayaraq gənc tədqiqatçıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onların gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. O, çıxışında gəncləri elmi tədqiqatlara daha fəal qoşulmağa, müasir elmin çağırışlarına açıq olmağa səsləyib. Bildirib ki, məhz bu cür təşəbbüslər gələcəyin alimlərinin formalaşmasında mühüm rol oynayır. Namiq Cəlilov çıxışının sonunda layihə iştirakçılarını teleskoplarla ilkin tanışlıq və astrofiziki müşahidələrdə iştirak etmək üçün rəsədxananın Şamaxıda yerləşən müşahidə bazasına dəvət edib.
Daha sonra layihənin elmi məsləhətçisi, rəsədxananın “Qalaktikalar və ulduz əmələgəlmə prosesləri” şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə çıxış edərək “Neyrokey” layihəsinin elmi mahiyyəti, tədqiqat istiqamətləri və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, həmçinin qeyd edib ki, layihə çərçivəsində şagirdlər yalnız nəzəri biliklərlə kifayətlənməyərək, real elmi yanaşma və tədqiqat metodlarını tətbiq etmək imkanı əldə ediblər. Bu isə onların analitik düşünmə bacarıqlarının formalaşmasında və elmi dünyagörüşlərinin genişlənməsində çox mühüm amildir.
Tədbirin sonunda “Neyrokey” layihəsinin rəhbəri olan Sevinc Cəbrayılovaya, eləcə də layihə iştirakçıları – Məmmədova Röya (20 Nömrəli Məktəb-Lisey) və Səfərli Ayana (Fizika, riyaziyyat və informatika təmayüllü lisey) rəsədxana tərəfindən sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Təqdimat mərasimində çıxış edən Sevinc Cəbrayılova şagirdlərinin əldə etdiyi uğurun onların uzunmüddətli zəhmətinin və elmi marağının nəticəsi olduğunu vurğulayıb. O, layihə üzərində işləyərkən qarşıya çıxan çətinliklərin komanda ruhu və məqsədyönlü fəaliyyət sayəsində aradan qaldırıldığını qeyd edib. Eyni zamanda, gənclərə yaradılan bu cür imkanların onların gələcək inkişafında mühüm rol oynadığını bildirərək göstərilən diqqət və qayğıya görə rəsədxana rəhbərliyinə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, bu cür görüşlərin təşkili gənclərin elmə marağının artırılması, onların elmi mühitlə yaxından tanış olması və gələcək tədqiqat fəaliyyətlərinə təşviq edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.