
Gaia20ehk identifikasiyalı ulduzun 2020-ci ildə əldə edilmiş müşahidə materialları təhlil edilərkən onun qeyri-adi davranış göstərdiyi məlum olub. Yerə təxminən 11 min işıq ili məsafədə, Göyərtə bürcündə yerləşən bu obyekt F5 spektral sinifli, Günəşə bənzər adi baş ardıcıllıq ulduzudur. Belə ulduzların şüalanması adətən stabil olur. Lakin müşahidə məlumatlarında ulduzun parlaqlığının gözlənilmədən dəyişdiyi aşkar edilib.
Arxiv müşahidələri göstərir ki, 2016-cı ildə ulduzun parlaqlığı üç dəfə kəskin şəkildə artıb-azalıb. 2021-ci ildə isə dəyişmələr daha da güclənərək demək olar ki, xaotik xarakter alıb. Bu isə stabil baş ardıcıllıq ulduzları üçün qeyri-adi haldır. Ulduz əvvəlcə Gaia kosmik teleskopunun fotometrik müşahidələri zamanı aşkar edilib. Daha sonra müxtəlif yerüstü teleskoplarla da müşahidə olunub. Onun optik təsviri Serro-Tololo rəsədxanasındakı 4 metrlik Blanko teleskopu ilə əldə edilib. Geniş sahəli infraqırmızı kosmik teleskop (WISE) ilə alınmış infraqırmızı diapazonda müşahidə materiallarının müqayisəli təhlili göstərdi ki, parlaqlığın dəyişməsi ulduzun özünün fiziki xüsusiyyətləri ilə bağlı deyil.
Araşdırmalar göstərir ki, ulduzun qarşısından böyük miqdarda daş-qaya parçaları və onların yaratdığı toz buludu keçir. Bu maddə ulduzun işığını qeyri-bərabər şəkildə örtərək onun parlaqlığının zəifləməsinə səbəb olur. Maraqlıdır ki, optik diapazonda parlaqlıq zəiflədiyi halda infraqırmızı diapazonda əksinə artım müşahidə edilir. Bu isə həmin maddənin yüksək temperaturda olduğunu göstərir.
Astronomlar bu hadisəni iki planetin toqquşması ilə izah edirlər. Bu cür hadisələr əvvəllər də qeydə alınsa da, onların heç biri Yer ilə Ayın yaranmasına səbəb olduğu düşünülən böyük toqquşmaya bu qədər bənzəmir. Gaia20ehk sistemində yaranmış toz buludunun ulduzdan məsafəsi təxminən 1,1 astronomik vahiddir. Hesablamalara görə onun kütləsi təxminən 4×1020 kq, temperaturu isə təxminən 900 K-dir. Toz buludu ulduzun ətrafında 380,5 günlük periodla dövr edir. Hazırda ərimiş vəziyyətdə olan bu maddə milyon illər ərzində soyuyaraq yeni planet və peyklərin formalaşmasına gətirib çıxara bilər. Beləliklə, bu sistemdə davam edən toqquşma prosesi Yer tipli planetlərin yaranma mexanizmini öyrənmək üçün nadir bir imkan yaradır.
Ümumiyyətlə, planetlər toz, qaz, buz və kiçik qaya parçalarının birləşməsi nəticəsində yaranır. Ulduz sistemi yeni formalaşarkən hələ sabit olmur, çoxlu sayda toqquşmalar baş verir, bəzi planetlər sistemdən kənara atılır, bəziləri isə birləşərək daha böyük cisimlər yaradır. Təxminən 100 milyon il davam edən bu prosesdən sonra planet sistemi tədricən sabitləşir.
Yeni yaranan ulduz sistemlərində planetlərin toqquşması adi hal olsa da, bu hadisələri müşahidə etmək çətindir. Bunun üçün planetlərin və ya onların qalıqlarının bizim baxış istiqamətimizdən ulduzun qarşısından keçməsi lazımdır. Bu zaman ulduzun işığında xarakterik zəifləmə – yəni sayrışma müşahidə olunur. Belə hadisələr bəzən illərlə gecikərək ortaya çıxdığı üçün astronomlar həm davamlı müşahidələr aparır, həm də arxiv məlumatlarını mütəmadi olaraq yenidən təhlil edirlər. İlin sonunda müşahidələrə başlayacaq Vera Rubin Rəsədxanasında quraşdırılmış “Simonyi Survey Telescope” üçün bu mövzu çox aktual hesab olunur. Bu teleskopun həyata keçirəcəyi müşahidələrin növbəti 10 ildə yüzlərlə belə planet toqquşmasını aşkar ediləcəyi gözlənilir.
Biz bilirik ki, Yer üzərində həyatın formalaşmasında Ayın xüsusi rolu olub. Ay Yer kürəsini bir çox asteroid zərbələrindən qismən qoruyur, qabarma-çəkilmə proseslərini tənzimləyir, bioloji ritmlərin formalaşmasına təsir edir və okean-atmosfer sirkulyasiyasında mühüm rol oynayır. Hətta bəzi nəzəriyyələrə görə, tektonik plitələrin dinamikasına belə dolayı təsir göstərir. Bu cür hadisələrin öyrənilməsi planet sistemlərinin necə formalaşdığını və Yer tipli planetlərin başqa ulduz sistemlərində də yarana biləcəyini anlamağa kömək edir. Bu isə həyatın Günəş sistemindən kənarda da yaranması ehtimalını araşdırmaq üçün yeni imkanlar açır.
Təqdiqat işinin nəticələri “The Astrophysical Journal Letters” jurnalında çap olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.