
Amerikanın Aeronavtika və Kosmos Agentliyi (NASA) DART (Double Asteroid Redirection Test) missiyası çərçivəsində ilk dəfə bir asteroidin trayektoriyasını dəyişməyə müvəffəq olub. Bu, Yer kürəsini gələcəkdə potensial təhlükə yarada biləcək asteroidlərdən qorumağa kömək edəcək.
Məlumat üçün bildiririk ki, 27 sentyabr 2022-ci il tarixdə yerli vaxtla saat 03:14-də 507 kiloqramlıq kosmik zond saatda 22 530 km sürətlə təyin olunmuş asteroidlə toqquşmuş və missiyanın ilk mərhələsi uğurla tamamlanmışdı.
NASA DART kosmik zondunun Didimosun peyki olan Dimorfos asteroidi ilə toqquşmasından sonra toplanan məlumatlarla bağlı 2026cı ilin mart ayına olan hesabatları açıqlayıb. Müşahidə materailları göstərir ki, Didimos asteroidinin Günəş ətrafındakı orbiti uğurla dəyişdirilib. Belə ki, Dimorfosun Didimos ətrafında periodu 11 saat 52 dəqiqə idi. Lakin DART toqquşmasından sonra bu müddət 11 saat 23 dəqiqəyə endirilmişdir. Bu dəyişiklik, kiçik olsa da, kinetik toqquşma metodunun asteroidin orbitini dəyişdirməkdə effektiv olduğunu göstərir.
Qeyd edək ki, bu, insanların səma cisminin hərəkətini dəyişdirdiyi ilk haldır. DART missiyası, bir gün Yer üçün təhlükə yarada biləcək asteroidlərin yolunu dəyişmək üçün istifadə edilə biləcək bir texnologiyanın sınağıdır və bu sınaq uğurlu oldu.
Didimos asteroidi Yer üçün Potensial təhlükəli asteroid deyil və asteroid qurşağında hərəkət edir. Lakin Yerətrafı orbitdə Yer üçün potensial təhlükəli asteroidlərin sayı 2000-dən çoxdur. Potensial təhlükəli asteroidlər toqquşma ehtimalı 1%-dən çox, ölçüsü 140 m-dən böyük olan asteroidlər hesab olunur. Belə asteroidlər Yerlə toqquşarsa qlobal fəlakətə səbəb ola bilər. Bu asteroidlər daim monitorinq olunur. Təhlükəli hesab edilən asteroidlərin cari vəziyyətini “Sentry və Risk List” bazaları üzərindən izləyə bilərsiniz. Dimorfos asteroidinin diametri təxminən 160–170 metr təşkil edir ki, bu da planet müdafiəsi ssenarilərində nəzərə alınan ölçü diapazonuna uyğun obyektlərdən biridir. Məhz bu səbəbdən sınaq obyekti kimi Dimorfos asteroidi iistifadə edilib.
Alimlər asteroidlərin fiziki xüsusiyyətlərini daha yaxşı anlamaq və bu istiqamətdə üsulları optimallaşdırmaq üçün missiya zamanı toplanan məlumatları təhlil etməyə davam edirlər. Gələcəkdə NASA bu təcrübədən daha effektiv planet müdafiə sistemləri inkişaf etdirmək üçün istifadə etməyi planlaşdırır. DART missiyasının uğuru Yer kürəsini potensial kosmik təhlükələrdən qoruya biləcəyimizə ümid verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.