1772622115.jpg)
3 mart 2026-cı il tarixində 11 Fevral – Beynəlxalq Qadınlar və Qızlar və Elmdə Günü və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Kainatın Kəşfi: Astrobiologiyada Qadınlar və Qızlar (Exploring the Universe: Women and Girls in Astrobiology)” adlı elmi-maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı əsasında Bakı şəhəri Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada baş tutub. Beynəlxalq Astronomiya İttifaqının (International Astronomical Union) "The Women of Astrobiology" çağırışı əsasında təşkil olunan tədbirdə iştirakçılara kainatın öyrənilməsi, həyatın mənşəyi və digər planetlərdə həyat ehtimalı kimi mövzularda məlumat verilib.
Təşəbbüsün əsas məqsədi şagirdlərdə elmə, xüsusilə astrobiologiya və kosmik tədqiqatlara marağı artırmaq, qadın alimlərin bu sahədəki rolunu və nailiyyətlərini tanıtmaq, həmçinin elmdə gender bərabərliyinin təşviqinə töhfə verməkdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra aparıcının açılış nitqi və iştirakçıların salamlanması ilə rəsmi hissəyə start verilib.
Gimnaziyanın direktoru Xəyalə Veyisova giriş sözü ilə çıxış edərək qadınların elm və təhsil sahəsindəki rolundan bəhs edib. O, xüsusilə qızların STEM (Science, Technology, Engineering, Mathematics) istiqamətlərinə yönləndirilməsinin vacibliyini vurğulayaraq, belə tədbirlərin onların gələcək elmi fəaliyyətinə mühüm motivasiya verdiyini qeyd edib.
Ardınca ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli çıxış edərək tədbirin keçirilmə məqsədi barədə məlumat verib. Bildirib ki, 11 Fevral tarixi UNESCO və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq Qadınlar və Qızlar və Elmdə Günü kimi təsis olunub və bu günün əsas qayəsi qadınların elmdə rolunu gücləndirməkdir. O, astrobiologiyanın müasir elmin ən perspektivli və multidissiplinar sahələrindən biri olduğunu, biologiya, kimya, fizika və astronomiyanı birləşdirərək kainatda həyatın izlərini araşdırdığını diqqətə çatdırıb.
Açılış hissəsindən sonra “Astrobiologiya – Kainatda həyatın elmi tədqiqi (Astrobiology – The Scientific Study of Life in the Universe)” adlı video-çarx nümayiş etdirilib. Video-çarxda Yer kürəsində həyatın yaranma şərtləri, ekstremal mühitlərdə yaşayan canlılar və digər planetlərdə həyat ehtimalı barədə məlumat təqdim olunub.
Tədbirin elmi hissəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun elmi işçisi Mətanət Baxışova “Nanozərrəciklər və müasir elmdə qadınların rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə nanoölçülü hissəciklərin biologiya və tibb sahəsində tətbiqləri, eləcə də qadın alimlərin bu istiqamətdə əldə etdiyi nailiyyətlərdən bəhs olunub.
Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, astr.ü.f.d Həmayıl Adıgözəlzadə “Kainatda həyat axtarışı: Astrobiologiyanın astronomiya tərəfi” mövzusunda təqdimatla çıxış edib. O, ekzoplanetlərin kəşfi, “yaşayış zonası” anlayışı və müasir teleskopların imkanları barədə ətraflı məlumat verib, kainatda həyat axtarışının elmi əsaslarını izah edib.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və interaktiv müzakirə aparılıb.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən şeir kompozisiyaları, musiqili çıxışlar və qadın alimlərə həsr olunmuş səhnəciklər təqdim olunub. Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.