
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən ŞAR GAMŞ-ın sədr müavini Aytac İskəndərova tədbiri giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər“ şöbəsinin elmi işçisi Cənnət Səmədov "Machine Learning (ML) və Artificial Intelligence (AI) modelləri haqqında ümumi məlumat və onların astronomiyada tətbiqləri" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda bildirib ki, hazırda süni intellektin müxtəlif sahələrə tətbiqi və müxtəlif sahələrdə süni intellekt ilə alınmış mühüm nəticələr aktualdır. Astrofizikada mövcud olan bir çox problemlərə də süni intellektin tətbiqi ilə bağlı önəmli layihələr mövcuddur. Cənnət Səmədov çıxış zamanı maşın öyrənməsi (ML) və süni intellekt (AI) modellərinin əsas ideyalarını, onların arxitektura prinsiplərini və riyazi təməllərini ümumi çərçivədə təqdim edib. Bu modellərin astronomiya və astrofizika sahəsində mümkün tətbiq istiqamətləri - spektral klassifikasiya, obyekt aşkarlanması, zaman sıralarının analizi, kosmik plazma proseslərinin modelləşdirilməsi kimi istiqamətlərdə potensial imkanları və məhdudiyyətləri praktiki nümunələrlə göstərib.
Bundan başqa seminarda, ML-ə giriş olaraq xətti və loqistik reqressiya modellərinin işləmə prinsipi və qiymətləndirmə metrikaları barədə məlumat verilib.
Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.