
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmişdir. Əsasən C sinif alışmalar müşahidə olunub. Maksimal sinifli alışma M2.4 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II tip radio emissiya, Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələr yoxdur. Tac Dəliyi isə yenə də müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyələrdə olmuş, maksimum 7442 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli fon səviyyəsində qalmışdır.
Günəş küləyinin maksimal sürəti 734 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 698 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 7 nT, radial istiqamətdə isə 2 nT təşkil edir.
Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi 16-17 və 21-22 fevral G1-G2 səviyyəsinə yüksəlmiş, yəni zəif-orta geomaqnit qasırğası qeydə alınmışdır. Hal-hazırda Kp indeksinin göstəricisi 5-dir və G1 səviyyəli ( zəif) geomaqnit qasırğası var.
Kosmik hava proqnozu – Proqnoz günlərində (23-28 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 50%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağıgözlənilir.
Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 23-24 fevralda ilə yenə də normadan yüksək olacaq.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-65%, orta geomaqnit enliklərdə isə 35-10%-dir.
Geomaqnit sahəsi – mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə başlamış G1 səviyyəli geomaqnit qasırğasının bu gün və sabah davam edəcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.