
Fevral ayının 2-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Batabat Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş “Gənc alimlər – işıqlı gələcəyi inşa edən insan kapitalı” adlı tədbir keçirilib. Tədbirdə hər iki elmi təşkilatın struktur bölmə rəhbərləri, elmi və texniki heyəti iştirak edib.
Tədbirin açılışında Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, müxbir üzv Namiq Cəlilov çıxış edərək 2 Fevral – Azərbaycan Gəncləri Gününün ölkədə gənclərin cəmiyyət həyatında rolunun dövlət səviyyəsində tanınmasının göstəricisi olduğunu vurğulayıb. O, elmi müəssisələrdə gənc kadrların hazırlanmasının, onların elmi fəaliyyətə cəlb olunmasının və davamlı elmi mühitin formalaşdırılmasının strateji əhəmiyyət daşıdığını qeyd edib.
Namiq Cəlilov çıxışında, həmçinin Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də uğurla davam etdirilən Gənclər Siyasətinin əsas hədəflərindən birinin gənclərin potensialının üzə çıxarılması və düzgün istiqamətləndirilməsi olduğunu bildirib. O, bu prosesdə elmi-tədqiqat institutlarının və digər dövlət qurumlarının institutsional dəstəyinin xüsusi rol oynadığını vurğulayaraq, gənclər üçün yaradılan mühitin onların intellektual və peşəkar inkişafına birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.
Daha sonra Batabat Astrofizika Rəsədxanasının direktoru Ruslan Məmmədov açılış nitqi ilə çıxış edərək gənc alimlərin elmi potensialının üzə çıxarılmasının müasir dövrdə elmin inkişafı üçün əsas amillərdən biri olduğunu bildirib. O, elmi müəssisələr arasında əməkdaşlığın, təcrübə mübadiləsinin və gənclərin bu proseslərdə fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
Açılış nitqlərindən sonra Gənclər Gününə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Daha sonra tədbir çıxışlar fonunda öz işini davam etdirib. İlk olaraq Şamaxı Astrofizika Rəsədxanasının “İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Orxan Salehli “Gənclik – dayanıqlı inkişaf naminə cəmiyyətin strateji resursu” mövzusunda çıxış edib. O, gənclərin elmi düşüncəsinin formalaşmasının cəmiyyətin uzunmüddətli inkişafında mühüm rol oynadığı, elmi əsaslı yanaşmaların gələcək qərarların keyfiyyətini müəyyən etdiyini vurğulayıb. Natiq, həmçinin elmi müəssisələrdə nəsillərarası bilik ötürülməsinin əhəmiyyətinə toxunaraq, gənc alimlərin formalaşmasında təcrübəli mütəxəssislərin rolunu xüsusi qeyd edib. O, gənclərin təşəbbüskarlığının və yenilikçi baxışlarının mövcud elmi ənənələrlə uzlaşdırılmasının elmin davamlı inkişafını təmin edən əsas amillərdən biri olduğunu bildirib.
Ardınca Şamaxı Astrofizika Rəsədxanası Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli “Rəsədxanadan auditoriyaya: gənc alimlərin elmi təcrübə və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O, gənc alimlərin elmi fəaliyyət zamanı qazandıqları praktiki təcrübənin onların peşəkar inkişafında və elmi nəticələrin geniş auditoriyaya çatdırılmasında əhəmiyyətini qeyd edib, eyni zamanda gənclərin elmi mühitdə aktivliyinin artırılmasının vacibliyini vurğulayıb. Samirə Rəhimli gənc alimlər üçün təşkil olunan bu cür tədbirlərin elmi kommunikasiya bacarıqlarının inkişafında mühüm rol oynadığını bildirib.
Batabat Astrofizika Rəsədxanasının elmi işçisi Vəfa Qurbanova isə “Gənclik perspektivindən müasir inkişaf modellərinə multidissiplinar baxış” mövzusunda çıxış edərək müasir problemlərin həllində müxtəlif elmi sahələrin inteqrasiyasının vacibliyindən danışıb, gənc tədqiqatçıların bu prosesdə çevik və adaptiv yanaşma nümayiş etdirməsinin əhəmiyyətinə diqqət çəkib. O, multidissiplinar yanaşmanın gənclərə geniş dünyagörüşü qazandırdığını və elmi innovasiyaların yaranmasına şərait yaratdığını qeyd edib.
Tədbirin sonunda Şamaxı Astrofizika Rəsədxanasının astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə və Batabat Astrofizika Rəsədxanasının elmi işçisi Ülvü Vəliyev çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.