
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq 4341 ləkə regionunda X1.95 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R1-R3 səviyyəli fasilələr, IV tip radio emissiya və 10 sm dalğa uzunluğunda radioalışma, həmçinin halo şəkilli Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 8 ləkə qrupunda 140 ləkə və transekvatorial Tac Dəliyi müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli yüksək səviyyələrdə olmuş və 9348 pfu-dək, 10 MeV-dən çox enerji yüklü proton seli isə X sinifli alışmaya bağlı olaraq S1 səviyyəsinə yüksəlmişdir.
Günəş küləyinin maksimal sürəti 801 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 13 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 433 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 8.31 nT, radial istiqamətdə isə 3.29 nT təşkil edir.
Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi 16-17 yanvarda G1 səviyyəsinə yüksəlmiş və zəif geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksinin göstəricisi 3.3-dür və kosmik hava qeyri-sabitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (19-25 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının və gözlənilən TKA-nın təsiri ilə yüksələcəyi proqnozlaşdırılır.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-50%, orta geomaqnit enliklərdə isə 35-1%-dir.
Geomaqnit sahəsi – müsbət qütblü Tac Dəliyi Axınlarının bu gün və ya sabah, 18 yanvarda baş vermiş X1.95 sinifli alışmaya bağlı TKA-nın isə 20 yanvarda Yerə çatacağı gözlənilir. Bu səbəbdən də güclü (G3), hətta şiddətli (G4) geomaqnit qasırğasının baş verməsi ehtimalı var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.