
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı qismən zəifləmiş və əsasən C sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifili alışma 4336 oblastındakı M3.38 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R1 səviyyəli fasilələr, II-IV tip radio emissiya qeydə alınmışdır. Həftə ərzində birbaşa Yerə yönəlmiş komponentə malik Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 5 ləkə qrupunda 65 ləkə və Tac Dəliyi müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli yüksək səviyyələrdə olmuş və 2507 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.
Günəş küləyinin maksimal sürəti 629 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 19 nT, radial istiqamətdə isə -19 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 538 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 6.76 nT, radial istiqamətdə isə -1.22 nT təşkil edir.
Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi 8 yanvarda baş vermiş TKA və Tac Dəliyi Axınlarının və təsiri ilə G1-G2 səviyyəsinə yüksəlmiş, yəni 10-11 yanvarda zəif-orta səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksinin göstəricisi 3.3-dür və kosmik hava qeyri-sabitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (12-18 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 65%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin sürətinin Tac Dəliyi Axınlarının təsiri ilə normadan yüksək səviyyədə qalacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 5-85%, orta geomaqnit enliklərdə isə 25-30%-dir.
Geomaqnit sahəsi – Bu gün TKA və Tac Dəliyi Axınlarının təsiri ilə orta səviyyəli geomaqnit qasırğası (G2) ehtimalı var. Sonra isə rekurrent Tac Dəliklərinin təsiri ilə 13-16 yanvarda yenidən geomaqnit sahəsinin intensivliyinin G1 səviyyəsinə yüksələ biləcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.