
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmişdir. Həftə ərzində əsasən M və C sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4316 oblastındakı M1.31 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində radio rabitədə R1 səviyyəli fasilələr, II tip radioemissiya qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 5 ləkə qrupunda 85 ləkə müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində demək olar ki, yüksək səviyyədə olmuş və maksimum 1024 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 744 km/san–dək artmışdır və daimi normadan yüksək olmuşdur. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 675 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.83 nT, radial istiqamətdə isə -0.62 nT təşkil edir.
Hesabat dövründə 17-18 və 21 dekabrda Tac Dəliklərinin geoeffektiv olması nəticəsində geomaqnit sahəsinin intensivliyi G1 səviyyəsinə - zəif qasırğayadək yüksəlmişdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (22-28 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 85%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yenə də normadan yüksək səviyyədə olacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-65%, orta geomaqnit enliklərdə isə 35-10%-dir.
Geomaqnit sahəsi –Tac Dəliklərinin geoeffektiv olması səbəbilə 22-24 dekabr tarixlərində G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.