
Kainatın yaşı 13,8 milyard il olaraq qəbul edilir ki, bu rəqəm də Böyük Partlayışdan bəri keçən zamanı ifadə edir. Bununla yanaşı, müşahidə oluna bilən Kainatın bu günkü radiusu təxminən 45 milyard işıq ilinə bərabərdir. İlk baxışdan bu göstəricilər ziddiyyətli təsir bağışlasa da, əslində fərqli fiziki anlayışları xarakterizə edir.
Böyük Partlayışdan sonra yayılan işıq bizə çatana qədər 13,8 milyard il yol qət edib. Lakin bu müddət ərzində Kainatın özü fasiləsiz şəkildə genişləndiyi üçün həmin işığın mənbəyinin indiki məsafəsi 13,8 milyard ildən xeyli böyükdür. Bu səbəbdən kosmosdakı uzaq obyektlər sanki işıq sürətindən daha sürətlə uzaqlaşırmış kimi görünsə də, əslində isə burada söhbət maddi cisimlərin məkanda işıq sürətini aşmasından deyil, məkanın özünün genişlənməsindən gedir.
Qalaktikalar kosmosda işıqdan sürətli hərəkət etmir. Onlar arasındakı məsafə artdığı üçün uzaqlaşma tempi işıq sürətindən böyük qiymətlər ala bilir. Bu hal Xüsusi Nisbilik Nəzəriyyəsinə zidd deyil. Belə ki, işıq sürətinin məhdudluğu fizikanın fundamental qanunudur, lakin bu məhdudiyyət yalnız lokal məkan çərçivəsində keçərlidir. Heç bir obyekt boşluqda fotondan sürətli hərəkət edə bilməz. Kainatın kənarlarında yerləşən qalaktikalar da kosmosda işıqdan sürətli uçmur, sadəcə aralarındakı məsafə işıq sürətindən böyük templə artır. Bu uzaqlaşma tempi isə qırmızı sürüşmə ilə xarakterizə olunur. Obyekt nə qədər sürətlə uzaqlaşırsa, onun işığı spektrin qırmızı hissəsinə bir o qədər çox sürüşür. Məkan hər yerdə genişləndiyi üçün obyekt nə qədər uzaqdadırsa, bizimlə onun arasında olan məsafə də bir o qədər böyük olur və uzaqlaşma sürəti artır.
Astronomlar uzaq qalaktikalardan gələn işığı qeydə alarkən onların keçmiş vəziyyətini müşahidə edirlər. Həmin işıq teleskopun obyektivinə düşənə qədər milyardlarla il yol qət edir. Lakin fotonlar kosmosda hərəkət etdiyi müddətdə məkanın ölçüsü dəyişir və Kainat genişlənməyə davam edir. Nəticədə obyektlər arasındakı məsafə artır və biz faktiki olaraq “hərəkətdə olan hədəfi” müşahidə edirik. Siqnal bizə çatdığı anda isə həmin qalaktika artıq qeydə aldığımız nöqtədən xeyli uzaqda yerləşir. Biz yalnız müşahidə anını qeydə ala bilirik.
Obyektlərin cari anda hansı məsafədə yerləşdiyini müəyyən etmək üçün astronomlar Standart Kosmoloji Modeldən — ΛCDM-dən istifadə edirlər. Λ (Lambda) — genişlənmənin sürətlənməsinə cavabdeh olan qaranlıq enerjini, CDM (Cold Dark Matter) isə qalaktikaları və iri strukturları bir yerdə saxlayan soyuq qaranlıq maddəni bildirir. Məhz bu model “real məsafəni” və Kainatın “real miqyasını” hesablamağa imkan verir. Müşahidə olunan Kainatın sərhəddi bu gün bizdən təxminən 45 milyard işıq ili uzaqlıqda yerləşir. Bu sərhəd hissəciklər üfüqü adlanır və müşahidə edə bildiyimiz məkan qabarcığını təmsil edir.
Bu kontekstdə tez-tez qarışdırılan bir neçə əsas kosmoloji sərhəddi ayırd etmək vacibdir:
Habl məsafəsi təxminən 13,77 milyard işıq ilinə bərabərdir. Bu nöqtədə qalaktikaların bizdən uzaqlaşma sürəti işıq sürətinə çatır. Bu məsafədən kənarda yerləşən obyektlər hazırda bizdən işıqdan sürətli uzaqlaşır.
Hissəciklər üfüqü təqribən 45 milyard işıq ilidir və müşahidə olunan Kainatın sərhədini müəyyən edir. Biz bu obyektləri yalnız ona görə görə bilirik ki, onların işığı çox uzaq keçmişdə, bizə daha yaxın olduqları dövrdə buraxılıb.
Kosmoloji hadisə üfüqü hazırda təxminən 17 milyard işıq ili qiymətləndirilir və bu qiymət son hədd olaraq 60 milyard işıq ilinə qədər dəyişə bilər. Bu sərhəddi keçən obyektlərdən artıq heç vaxt, heç bir məlumat almaq mümkün olmayacaq. Məhz bu sərhəd “Tənha son” ssenarisini müəyyən edir.
Dönməzlik nöqtəsi kosmoloji hadisə üfüqünün “filtr” rolunu oynadığı həddi ifadə edir. Məsələn, əgər qalaktika 18 milyard işıq ili məsafəsindədirsə, biz onun milyard illər əvvəlki vəziyyətini müşahidə edirik. Bu məsafə kosmoloji hadisə üfüqündən böyük olduğu üçün (18 > 17) həmin qalaktikanın indiki vəziyyəti ilə əlaqə artıq həmişəlik itmiş sayılır.
ΛCDM modelinə əsaslanan “Tənha son” ssenarisinə görə, zaman keçdikcə Kainatın kənarındakı obyektlərdən gələn işıq getdikcə daha güclü qırmızı sürüşməyə məruz qalacaq. Dalğa uzunluqları o qədər artacaq ki, istənilən müşahidə cihazı üçün praktiki olaraq görünməz olacaq. Qalaktikalar kosmoloji hadisə üfüqünü keçərək müşahidə sahəmizdən tədricən yox olacaq. Hesablamalara görə, təxminən 100 milyard il sonra bizim qalaktikamızda və ya ondan qalan strukturlarda olan müşahidəçi tamamilə qaranlıq bir səma ilə üzləşəcək. Yalnız Yerli Qrupun (Local Group), yəni qravitasiya ilə bir-birinə bağlı qalaktikaların obyektləri görünən qalacaq. Bu gün müşahidə etdiyimiz digər qalaktikalar isə məkanın genişlənməsi nəticəsində tədricən “silinərək” əbədi olaraq müşahidə imkanlarımızdan çıxacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.