
Bu gün Azərbaycan dövlətçiliyinin qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfatından 21 il ötür. Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə sədaqət və xalqa xidmət ideallarının daşıyıcısı olan Ulu öndərin xatirəsi hər il olduğu kimi bu il də Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) dərin ehtiramla anılıb.
Rəsədxana rəhbərliyi, şöbə müdirləri, elmi və texniki heyətin iştirak etdiyi tədbir Ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra çıxış edən rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli ideologiyanın formalaşması və müasir inkişaf strategiyasının qurulmasındakı müstəsna xidmətlərindən danışıb.
O qeyd edib ki, Ulu öndərin həm sovet dövründə, həm də müstəqillik illərində verdiyi qərarlar bu gün Azərbaycanın sosial-iqtisadi və elmi tərəqqisinə yön verməkdə davam edir. Xüsusilə, təhsilin inkişafı, peşəkar kadr potensialının formalaşdırılması, sənaye və enerji layihələrinin reallaşması sahəsində atdığı strateji addımlar Azərbaycanın gələcəyinə hesablanmış uzaqgörən siyasətin nümunəsidir.
Tədbirdə çıxış edən digər əməkdaşlar da Ümummilli lider Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif istiqamətlərinə toxunublar. Çıxışlarda Heydər Əliyevin elmə, elm adamlarına, astronomiya sahəsinə və Şamaxı Astrofizika Rəsədxanasının inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar.
Natiqlər Ulu öndərin Şamaxı Astrofizika Rəsədxanasına göstərdiyi xüsusi diqqəti, rəsədxananın inkişaf strategiyasında onun rolunu, habelə rəsədxananı ziyarət edərkən alimlərin problemlərinin həlli ilə bağlı atdığı addımları xatırladıblar. Çıxışlarda qeyd edilib ki, Heydər Əliyevin müəyyən etdiyi elmi inkişaf xətti bu gün də ölkədə elmin prioritet mövqeyinin təmin olunmasına, gənc tədqiqatçıların dəstəklənməsinə və elmi infrastrukturun müasirləşdirilməsinə təminat yaradır.
Qeyd edək ki, Anım günü münasibətilə Ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi də ziyarət edilib, abidənin önünə tər çiçəklər qoyulub.
Heydər Əliyevin siyasi kursu bu gün də Azərbaycanın inkişaf yolunda ən etibarlı istiqamətdir. Ulu öndərə Allahdan rəhmət, ölkəmizi yeni nailiyyətlərə aparan Prezident cənab İlham Əliyevə isə möhkəm cansağlığı diləyirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.