
Noyabrın 19-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Seminara rəhbərlik edən ŞAR-ın icraçı direktoru, professor Nəriman İmsayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Maks Plank Astronomiya İnstitutunun (Almaniya) əməkdaşı, Astronomiya və atrofizika üzrə fəlsəfə doktoru Kamber Schwarz “Protoulduz örtüklərində güclənmiş ionlaşmanın sübutları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda protoulduz sistemlərində ionlaşmanın kimyəvi təkamülə təsirindən danışıb. O, NOEMA və IRAM 30m teleskopu vasitəsilə əldə olunmuş H13CO+ və C18O müşahidələrinin nəticələrini təqdim edərək 0 sinif mərhələsindəki üç protoulduzun örtüklərində ionlaşma sürətinin dəyişmə intervalını göstərib. Qeyd edib ki, bu göstərici diffuz ulduzlararası mühitdə qəbul olunan ionlaşma səviyyəsindən bir neçə tərtib yüksəkdir. Nəticə göstərir ki, ionlaşma ilə idarə olunan kimyəvi proses protoulduzların erkən təkamül mərhələlərində daha effektivdir.
Seminar iştirakçılarının böyük marağına səbəb olan çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, onları maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.