
Leybnis adına Astrofizika İnstitunun yaydığı məlumata əsasən 4MOST oktyabr ayında müşahidəyə başlayıb. Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının 4 m-lik VİSTA teleskopuna quraşdırılmış 4MOST eyni anda minlərlə ulduzu nəinki görür, eyni anda kimyəvi tərkibini müəyyən edə bilir.
Teleskop geniş baxış sahəsini, yüksək ayırdetmə qabiliyyətini və minlərlə obyekti eyni vaxtda müşahidə etmək imkanını özündə birləşdirir. Hər lifdən gələn işıq üç spektroqrafa yönəldilir. Onlardan ikisi ultrabənövşəyidən infraqırmızıya qədər olan (370–950 nm) diapazonu əhatə edir, üçüncüsü isə seçilmiş rəng diapazonlarında yüksək ayırdetmə ilə işləyərək ulduzlardakı ayrı-ayrı kimyəvi elementləri öyrənməyə imkan verir. Sistem üçün ən vacib tələblərdən biri bütün liflərin bir dəqiqə ərzində təxminən 10 mikrometr dəqiqliklə yenidən mövqeləndirilməsidir. Liflər yeni mövqelərə çatdıqda, onlar qırmızı işıqla işıqlandırılır və ekspozisiyaya başlanmazdan əvvəl lif uclarının yerini yoxlamaq üçün yüksək ayırdetməli kameralar tərəfindən qeydə alınır. Dəqiqlik və sürət nə qədər yüksək olarsa, obyektlərdən minimal vaxtda bir o qədər çox işıq toplanır. Lif sistemi hər 10–20 dəqiqədən bir avtomatik şəkildə yenidən qurulur ki, bu da yeni sahənin fasiləsiz müşahidəsini təmin edir. Bu yeni texnologiya sayəsində teleskop nəinki bildiyimiz klassik müşahidə aparır, o hər bir obyektin işığını minlərlə komponentə ayıraraq təhlil edir. İnsan saçı qalınlığında olan 2436 optik lifin hər biri işığı toplayıb spektroqraflara ötürür və burada işıq 18 000 spektral xəttə ayrılır. Bu, astronomlara bir müşahidədə eyni anda, qısa zaman ərzində ulduzların və qalaktikaların kimyəvi tərkibini, temperaturunu, kütləsini, sürətini, yaşını və təkamül mərhələsini müəyyən etməyə imkan verir.
Teleskop NGC 253 qalaktikasını və NGC 288 kürəvi ulduz topasını müşahidə edib. NGC 253 qalaktikası Yerdən 11,5 milyon işıq ili məsafədə yerləşir və bu qalaktikada aktiv şəkildə ulduzəmələgəlmə prosesi gedir. NGC 288 isə Süd Yolunun kənarlarında yerləşən təxminən 100 000 qədim ulduzdan ibarət yaşlı uıduz topasıdır. Onun yaşı 13,5 milyard ilə çatır və onun kimyəvi tərkibi Erkən Kainatın tərkibini əks etdirir.
Layihəyə dünyanın müxtəlif elm mərkəzlərindən 700-dən çox tədqiqatçı qoşulub. AIP elmi hissənin idarə olunmasına, genişbucaqlı linza sisteminin hazırlanmasına, optik liflərin mövqeləndirilməsinə və müşahidələrin planlaşdırılmasına cavabdehdir. 4MOST-un ən azı 15 il fəaliyyət göstərəcəyi planlaşdırılıb. Müşahidədən toplanan bütün məlumatlar Kembric Universitetində emal olunur; hər bir obyektin fiziki parametrlərini çıxarılır. Nəticələr bütün elmi komandanın istifadə etməsi üçün Leybnis adına Astrofizika İnstitunun və Avropa Cənub Rəsədxanasının arxivlərinə ötürülür.
Teleskop artıq müxtəlif miqyaslı obyektləri—ayrı-ayrı ulduz sistemlərini və uzaq qalaktikaları eyni anda müşahidə etmək imkanlarını nümayiş etdirir. Onun unikal çoxlifli quruluşu bir gecə ərzində həm geniş statistik hesablamalar aparmağı, həm də nadir obyektləri öyrənməyi mümkün edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.