
Oktyabr ayının 24-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) nəzdində fəaliyyət göstərən FD1.39 Dissertasiya Şurasının iclası keçirilib.
İclasda xarici və yerli astrofiziklərdən təşkil olunmuş Dissertasiya Şurası üzvləri, o cümlədən rəsmi oponentlər iştirak edib.
Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-ın müxbir üzvü Namiq Sərdar oğlu Cəlilovun sədrliyi ilə keçirilən iclasda iddiaçı Ülvü Səyyad oğlu Vəliyevin “Müxtəlif kütləli cavan ulduzların ulduzətrafı disklərinin xüsusiyyətləri və təkamülü” mövzusunda, astronomiya elm sahəsində “2108.01 – Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.
İddiaçı dissertasiya işinin aktuallığını, elmi yeniliklərini, müdafiəyə çıxarılan əsas müddəaları, işin aprobasiyası və aldığı nəticələri şura üzvlərininin diqqətinə çatdırıb. Daha sonra rəyçilərə söz verilib, onların təklif və iradları dinlənilib, iddiaçı mövzu ilə bağlı sualları ətraflı formada cavablandırıb.
Yekunda təqdim olunan iş Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilib və iclasın sonunda gizli elektron səsvermə yolu ilə iddia edilən elmi dərəcənin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması yekdilliklə qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.