Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı qismən artmışdır. Maksimal sinifli alışma isə 4232 oblastındakı M2.0 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq 10 sm diapazonda radioalışma, radio rabitədə R1 səviyyəli fasilələr, II tip radio emissiya qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 125 ləkə müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində yenə də yüksək səviyyədə olmuş və 17994 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində o qalmışdır. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 1124 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 17 nT, radial istiqamətdə isə -9 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 729 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.1 nT, radial istiqamətdə isə 5.77 nT təşkil edir.
Hesabat dövründə Tac Dəliyi Axınlarının təsiri ilə 11 oktyabrdan başlayaraq zəif və orta intensivlikli (G1-G2) geomaqnit qasırğası müşahidə olunur. Hal-hazırda Kp indeksinin göstəricisi 5-dir və geomaqnit qasırğası var.
Kosmik hava proqnozu – Proqnoz günlərində (13-20 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin Tac Dəliyi Axınlarının təsiri ilə yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Günəş küləyinin mənfi qütblü Tac Dəliyi Axınlarının və 11 oktyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə normadan yüksək qalacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 10-60%, orta qütb dairələrində isə 45-5%-dir.
Geomaqnit sahəsi – mənfi qütblü Tac Dəliyi Axınlarınının təsiri ilə 14 oktyabradək G1 səviyyəli zəif geomaqnit qasırğasının davam edəcəyi gözlənilir. Sonra isə 15 oktyabrda TKA-nın Yerə çatması ilə yenidən geomaqnit sahəsinin aktivləşməsi ehtimalı var. Həmçinin uzunmüddətli proqnozda 20 okyabr üçün G1 səviyyəli geomaqnit qasırğası qeyd olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.