ATLAS (Asteroid Terrestrial-impact Last Alert System) Günəş sistemində növbəti ulduzlararası obyekti aşkar edib. Koma və quyruq strukturu müşahidə olunduğundan obyekt komet kimi təsnifləndirilib və 3I/ATLAS adlandırılıb.
7 sentyabr Ay tutulması zamanı çəkilən fotolarda kometin yaşıl işıq saçdığı görünüb. Günəş sistemi kometlərini yaşıl işıq saçması adi haldır və adətən bunu Günəşin istisindən buxarlanmağa başlayan dikarbon (C2) molekulu yaradır. Lakin astronomlar 3I/ATLAS-ın kimyəvi tərkibini Ceyms Vebb teleskopunun vasitəsilə araşdıraraq, onun kimyəvi tərkibinin bildiyimiz kometlərdən tamailə fərqli olması qənaətinə gəliblər. Belə ki, onlar kometin tərkibində CO2, Ni və CN izləri tapıblar. Həmçinin Miçiqan Universitetinin alimləri kometdə C2 və C3 tipli karbon zəncirlərinin də çox az olduğunu ortaya çıxarıb.
3I/ATLAS 1I/Oumuamua və 2I/Borisovdan sonra Günəş sisteminə daxil olan üçüncü ulduzlararası cisimdir və onların arasında ən böyük eksentrisitetə malikdir. Vera Rubin rəsədxanasının ölçmələrinə əsasən nüvənin diametri təxminən 11 km-dir. Komet kosmik fəzada təxminən 58 km/s sürətlə hərəkət edir.
Kometin 3 oktyabrda Marsa yaxınlaşacağı gözlənilir və bu zaman onu MRO (Mars Reconnaissance Orbiter) müşahidə edə bilər. 29 oktyabrda o, Günəşə maksimum yaxınlaşacaq və təxminən 1,36 a.v məsafədən keçəcək. Astronomlar hesab edirlər ki, bu zaman 3I/ATLAS-ın quyruğu bildiyimiz kometlərdəki kimi uzanacaq və kimyəvi tərkibin daha dəqiq təyin olunması mümkün olacaq. Kometin parlaqlığının pik nöqtəsi 12 noyabr üçün proqnozlaşdırılır, 19 dekabrda isə Yerə ən yaxın mövqedə — təxminən 1,8 a.v məsafədə olacaq. Qeyd edək ki, oktyabrda komet perihelidə olduğundan Günəş şüalarında itəcək və onu yalnız ayın son günlərindən dekabra kimi səhər səmasında Günəş doğmamışdan əvvəl müşahidə etmək mümkün olacaq. Hal-hazırda kometin parlaqlığı 12m–14m aralığındadır. Bu ölçü isə nəinki adi gözlə, hətta həvəskar teleskopla müşahidə üçün də kifayət qədər zəifdir və böyütmə gücü kifayət qədər yaxşı olan teleskop tələb olunur.
Harvard universitetindən astrofizik Avi Loub 3I/ATLAS-ın yadplanetli texnologiyası ola biləcəyini irəli sürüb. Bu fikir isə digər mütəxəssislər tərəfindən kəskin tənqid olunub və onlar bildiriblər ki, hazırda bu iddianı təsdiqləyən heç bir əsaslı sübut mövcud deyil.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.