21 sentyabrda 2025-ci ilin sonuncu tutulması müşahidə olunacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Günəş tutulması yerli vaxtla saat 17:29-da başlayacaq, 19:41-də maksimuma çatacaq və 21:53-də sona çatacaq.
Tutulma Avstraliyanın cənub-şərq hissəsində, Yeni Zelandiyada, Antarktidada, eləcə də Sakit və Atlantik okean üzərində müşahidə edilə biləcək. Təəssüf ki, Azərbaycan ərazisindən görünməyəcək.
Qismən Günəş tutulmasının mahiyyəti ondan ibarətdir ki, Ay öz orbiti ilə Yerin orbitinin düyün nöqtələrindən deyil, həmin nöqtələrə yaxın mövqedən keçdiyi üçün Günəş diski tam şəkildə örtülmür. Bu zaman Yerin üzərinə Ayın kölgəsi deyil, yarımkölgəsi düşdüyündən Günəşin yalnız müəyyən hissəsi örtülür. Bu səbəbdən də göy üzündə Günəş diskinin işıqlı sahəsi qismən qalır. Tutulmanın tam yox, qismən olmasında ikinci faktor isə müşahidəçinin mövqeyidir. Tam Günəş tutulması zamanı müşahidəçi Ayın yarımkölgəsində olduqda Günəş diski baxılan mövqedən tam örtülə bilmir və qismən tutulma müşahidə olunur.
2025-ci ildə ümumilikdə dörd tutulma baş verib ki, bunların ikisi Ay, ikisi isə Günəş tutulması olub. 21 sentyabrda müşahidə ediləcək tutulma isə ilin sonuncu hadisəsidir. Növbəti Günəş tutulması 17 fevral 2026-cı ildə baş verəcək və halqalı tutulma olacaq. Belə tutulma Ay Yerdən ən uzaq məsafədə – apogeydə olduqda müşahidə edilir. Ayın bucaq ölçüsü kiçildiyindən Günəş diski tam örtülmür və Günəşin kənarından fotosferin işığı alovlu halqa şəklində görünür.
Sonda qeyd edək ki, Azərbaycanda Günəş tutulması yalnız 2 avqust 2027-ci ildə müşahidə ediləcək. Bu, tam Günəş tutulması olsa da, ölkəmiz yarımkölgə zonasına düşəcəyi üçün Günəşin örtülmə faizi cəmi 27% təşkil edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.