Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulmasının canlı müşahidəsi həyata keçirilib. Bu mühüm elmi-maarifləndirici tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Azərbaycanda astronomiya təhsilinin təşviqi” layihəsi çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi (HAC), Bakı Dövlət Universiteti (BDU), “Park Bulvar” AVM, Tusi-Bohm Planetariumu və Şamaxı Astrofizika Rəsədxanasının birgə tərəfdaşlığı ilə keçirilib.
Tədbir zamanı xüsusi quraşdırılmış teleskoplar vasitəsilə Ay tutulmasının müxtəlif mərhələləri ictimaiyyətə nümayiş etdirilib, iştirakçılar real vaxt rejimində bu nadir astronomik hadisəni izləmək imkanı qazanıb. Müşahidələrə paralel olaraq, BDU-nun Astrofizika kafedrasının, Şamaxı Astrofizika Rəsədxanasının alimləri və HAC-ın üzvləri Ay tutulmasının səbəbləri, gedişatı və astronomik əhəmiyyəti barədə ətraflı elmi izahlar verib, medianın və iştirakçıların suallarını cavablandırıblar.
Tədbir zamanı ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi çərçivəsində şəhid və qazi övladları əvvəlcə Tusi-Bohm Planetariumunda kosmos və astronomiya haqqında elmi-marifləndirici film izləmiş sonra ictimaiyyətlə birgə Ay tutulmasına baxmışlar.
Bu cür müşahidə gecələrinin təşkili həm elmi ictimaiyyət, həm də gənc nəsil arasında kosmik elmlərə marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir, eyni zamanda, Azərbaycanda astronomiyanın populyarlaşdırılması, cəmiyyətin fundamental elmlərə marağının genişləndirilməsi və gənclərin gələcəkdə bu sahədə təhsil almağa təşviq edilməsi məqsədlərinə xidmət edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.