19–22 avqust 2025-ci il tarixlərində Ukraynanın Odessa şəhərində onlayn formada “Astronomy and Beyond: Astrophysics, Cosmology and Gravitation, Astroparticle Physics, Radioastronomy, Astrobiology and Genetics” mövzusunda XXV Qamov Beynəlxalq Astronomiya Konfransı keçirilib.
Astronomiyanın müxtəlif istiqamətlərini əhatə edən bu nüfuzlu beynəlxalq tədbirdə dünyanın aparıcı elmi mərkəzlərinin tanınmış alimləri ilə yanaşı, Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları da fəal iştirak edərək elmi məruzələrlə çıxış ediblər.
Konfransda təqdim olunan məruzələrdə gənc ulduzlar, massiv ulduzların atmosferində qeyri-stasionar proseslər, planetlərin formalaşması, cazibə dalğaları, astrobiologiya və radioastronomiya kimi müasir astrofizikanın aktual problemləri müzakirə edilib. Konfransda ŞAR əməkdaşları, aparıcı elmi işçi astr.ü.f.d., dos. Həmayil Adıgözəlzadə “Baş ardıcıllığa çatmamış V1295 Aql Ulduzunun uzunmüddətli spektral dəyişkənliyi”, elmi işçilər astr.ü.f.d. Günay Hacıyeva “Fotometrik kəmiyyətlər əsasında bir neçə A spektral sinifli ulduzların effektiv temperaturları və səthində ağırlıq qüvvəsi təcilinin təyini”, Aysel Rüstəmova “AG Peqas simbiotik ulduzunda orbital spektral dəyişkənliklər” və “EG And simbiotik ulduzunun optik spektrokopiyası Ha xəttində orbital dəyişkənliklər”, Aynurə Həsənova “HD 207260 (A2 Iae) ifratnəhəng ulduzunun spektrində Hα xətt profilinin dəyişməsi”, Vüsalə Əliyeva “HD 31648 Ae Herbiq ulduzunun spektral tədqiqi. Hidrogenin Ha və Hb xətti”., kiçik elmi işçi Aytac İskəndərova “Massiv rentgen qoşa ulduzu HD 226868-in fotometrik dəyişkənliyi” adlı məruzələrlə iştirak ediblər.
Həmayil Adıgözəlzadə öz çıxışı zamanı fırlanma oxu qütb istiqamətində yönəlmiş qeyri-adi Ae Herbiq HD 190073 ulduzunun spektral tədqiqatını davam etdirdiklərini bildirmiş və qeyd etmişdir ki, HD 190073 ulduzunun spektral tədqiqatlarının ikinci hissəsində 2016–2023-cü illər ərzində baş vermiş uzunmüddətli spektral dəyişikliklər öyrənilmişdir. Standart ulduzların sintetik spektrlərindən istifadə olunaraq, hidrogen xətləri və H və K CaII xətləri üçün ulduz ətrafı strukturun profilləri qurulmuşdur.
Göstərilmişdir ki, bu xətlərin hamısı P Cyg tipli profillərə malikdir, burada mavi qanaddakı dərin udulma güclü dəyişkənlik göstərir. Spektrofotometrik parametrlərin uzunmüddətli dəyişkənliyi hidrogen, helium və digər elementlərin xətlərində aşkar olunmuşdur. Bu uzunmüddətli dəyişkənliyin xarakterinə əsasən, təxminən 12–38 illik ümumi dövri tsikl müşahidə olunur. Bu cür dəyişkənliyin səbəbləri ulduz kompanyonu və ya massiv planetlər ola bilər.
Aparılmış spektral Furye analizi dəyişkənliyin mürəkkəb xarakterə malik olduğunu göstərmişdir. Spektrdə və parlaqlıqda müəyyən edilmiş bəzi dövrlər bir-birinə yaxın olub, yüksək dəqiqliklə müəyyən olunmuşdur. Qısa dövrlərdən biri P₂ = 4 ± 0,5 gün, nisbətən uzun dövrlərdən biri isə P₃ = 97 ± 3 gün olaraq yüksək etibarlılıqla təyin olunmuşdur. Ulduzun əsas fiziki parametrləri və təkamül mərhələsi müəyyənləşdirilmişdir.
Tədqimat zamanı Günay Hacıyeva bildirmişdir ki, A spektral sinifli HD 6364 (A5/7III), HD 6365 (A3III/IV), HD 6492 (A9V), HD 6723 (A8V), HD 25093 (A7II/III), HD 123798 (A8/9V), HD 129175 (A6V), HD 129433 (A0IV), HD 129660 (A7V), and HD 209124 (A0III-IV) ulduzlarının əsas fundamental parametrlərieffektiv temperaturları (Teff) və səthində ağırlıq qüvvəsinin təcilləri (log g) təyin edilmişdir. Effektiv temperatur və ağırlıq qüvvəsinin təcili ulduz atmosferləri modellərinin əsas bazis parametrləridir.
Tədqiq etdiyimiz ulduzların effektiv temperaturları (Teff) və səthində ağırlıq qüvvəsinin təcilləri (log g) üçün aşağıdakı qiymətlər alınmışdır: HD 6364: Teff = 7610 K, log g = 4.25; HD 6365: Teff = 7880 K, log g = 4.35; HD 6492: Teff = 7390 K, log g = 3.70; HD 6723: Teff = 7380 K, log g = 4.00; HD 25093: Teff = 7780 K, log g = 4.10; HD 123798: Teff = 7090 K, log g = 3.65; HD 129175: Teff = 8220 K, log g = 4.35; HD 129433: Teff = 9960 K, log g = 4.00; HD 129660: Teff = 7710 K, log g = 3.65; HD 209124: Teff = 9820 K, log g = 3.80.
Konfransda iki məruzə ilə çıxış edən Aysel Rüstəmova ilk çıxışında AG Peg simbiotik ulduzunun qoşa sistem olması ilə bağlı müşahidə olunan spektral dəyişkənliklərin sistemin orbital hərəkəri ilə mümkün əlaqəsinin araşdırıldığını qeyd etmişdir. İsti ağ cırtdan və soyuq nəhəngin qarşılıqlı təsiri nəticəsində, soyuq nəhəngin udulma xətlərinin və isti komponentin ətrafında əmələ gələn emissiya xətlərinin şüa sürətlərində dövri dəyişmələr müşahidə olunur. AG Peg sisteminin soyuq komponentinin (M3III) atmosferində yaranan seçilmiş udulma xətlərinin şüa sürətinə görə bu komponentin şüa sürəti əyrisi qurulub və həmin əyridən spektral opbit elementləri və sistemin kütlə funksiyası təyin olunub. Məruzədə eləcə də sistemin isti komponentin ətrafında formalaşan Hα, Hβ və HeII l4686 Å və l5412 Å emissiya xətlərinin şüa sürəti əyriləri qurulub və qırmızı nəhəngin şüa sürəti əyrisi ilə müqayisəli analiz olunur.
Aysel Rüstəmovanın ikinci məruzəsində tutulan - qoşa simbiotik EG And sistemində Hα xəttinin emissiya və udulma komponentlərinin orbital dəyişkənliyinin öyrənilməsinin nəticələri təqdim etmişdir. Tədqiqatda ARAS Spektral Verilənlər Bazasından götürülmüş təxminən 30 spektrdən istifadə edilmişdir. Sistemin soyuq komponentin şüa sürəti əyrisi, M tipli qırmızı nəhəngin atmosferində əmələ gələn seçilmiş udulma xətlərinin ölçülmüş şüa sürətlərinin orta qiymətləri əsasında qurulmuşdur. Sistemin orbital dövrü təqribən 483.3 gündür. Fərz olunur ki, emissiya xətləri, eləcə də Hα xətti isti ağ cırtdanın yaxınlığında formalaşır. Müşahidə bəticələri göstərir ki, Hα xəttinin emissiya komponentlərinin intensivliyi orbital fazanın təqribən 0,5-qiymətində (isti ağ cırtdan ulduzunun soyuq əsas komponenti tutmasına uyğun gəlir) ən böyük qiymətə, təqribən 0,1-də (qırmızı nəhəng isti ikinci komponenti və güclü emissiya xətlərinin əmələ gəldiyi sahəni qapayır) ən aşağı qiymətə, təqribən 0,8 fazasında isə orta qiymətə malikdir.
Konfransın “Astrofizika 1: nüvə sintezi, ulduz atmosferləri, kinematika, Qalaktikanın quruluşu və kimyəvi təkamülü” adlı bölməsində çıxış edən Aynurə Həsənova, öz təqdimatı zamanı qeyd etmişdir ki, işdə HD 207260 ifratnəhəng ulduzunun 2018 -ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunda alınmış spektrləri əsasında Hα xəttinin profilinin dəyişməsi və spektral parametrləri tədqiq olunmuşdur.
Məlum olmuşdur ki, ulduzun spektrində Hα xəttinin profili udulma və qırmızı qanadda bir şüalanma komponentindən ibarətddir. Aşkar olmuşdur ki, Hα xəttinin udulma komponentinin şüa sürəti və ekvivalent eni, həmçinin şüalanma komponentinin şüa sürətinin qiyməti zamandan asılı olaraq sinxron dəyişir. Bu dəyişmə təxminən 35-40 günlük kvazi-periodla baş verir. Qeyd olunan period furye analizi ilə öz təsdiqini tapmışdır. Tapılan period ulduzun atmosferindəki pulsasiya və kütlə itkiləri ilə əlaqələndirilir.
Ehtimal olunur ki, Hα xətti profilinin dəyişməsi, Hα xətti profilinin udulma və şüalanma komponentlərinin şüa sürətinin və ekvivalent eninin dəyişməsi ulduzun döyünməsi nəticəsində ulduz atmosferi ilə ulduzətrafı örtüyün qarşılıqlı təsirinin nəticəsində ola bilər.
Vüsalə Əliyeva öz növbəsində Herbiq Ae tipli HD 31648 ulduzunun spektrində Hα və Hβ xətlərinin müşahidələrinin nəticələrini təqdim etmişdir. 2014-2019 -cu illəri əhatə edən 10 spektrdə Hα xətti əsasən PCygIII tipli profil kimi müşahidə olunur, göy və qırmızı emissiya komponentlərin intensivliklərinin nisbəti Ib/Ir <<1 kimidir. İki halda isə klassik PCyg tipli profil – qırmızıya tərəfə sürüşmüş emissiya piki və göy udulma – müşahidə olunub. Göy (Ib) və qırmızı (Ir) komponentlərin intensivliklərinin dəyişmələri arasında korrelyasiya yoxdur. Ən böyük dəyişkənlik göy komponentdə müşahidə olunur, eyni zamanda qırmızı emissiya pikinin intensivliyində də dəyişkənlik mövcuddur. Hβ xəttinin profilində mərkəzi hissədə geniş fotosferik qanadlarla birlikdə PCyg tipli quruluş müşahidə olunur. Ümumiyyətlə, Hα və Hβ xətlərinin profillərində dəyişkənlik sinxron şəkildə baş verir.
Öz məruzəsində Aytac İskəndərova qara dəlik və mavi ifratnəhəngdən ibarət klassik massiv rentgen qoşa sistemi HD 226868 = Cyg X-1 üzərində aparılmış fotometrik tədqiqatların nəticələri təqdim etmişdir. Sistem ilk təsdiqlənmiş qara dəlik namizədlərindən biri olmaqla, çox vaxt rast gəlinən tranzient mənbələrdən fərqli olaraq, azsaylı persistent rentgen mənbələrindən biridir. HD 226868 ulduzunun fotometrik müşahidələri 2020–2022-ci illər ərzində N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 60 sm-lik teleskopuna quraşdırılmış CCD fotometri vasitəsilə, BVRI sisteminin V filtrində aparılmışdır. Əldə edilmiş materialların emalı MaxIm DL proqram paketi ilə həyata keçirilmişdir. Müqayisə ulduzu kimi HD 226867 (V = 10.7), kontrol ulduzları kimi isə HD 226938 (V = 10.14) və HD 226919 (V = 9.56) ulduzları istifadə olunmuşdur. Tədqiqatın nəticələrinin dəqiqliyini artırmaq məqsədilə HD 226868-ə aid yüksək dəqiqlikli (σ ≈ 0.003 mag) məlumatlar həmçinin AAVSO bazasından əldə edilərək analiz edilmişdir.
Alınmış nəticələr göstərir ki, HD 226868 ulduzu həm qısa, həm də uzun müddətli fotometrik dəyişkənlik nümayiş etdirir. Bu dəyişkənlik orbit hərəkəti, külək akkresiya sabitsizlikləri və ya kütlə ötürülməsi proseslərindəki nizamsızlıqlarla bağlı ola bilər. Əldə edilmiş nəticələr massiv rentgen qoşa ulduz sistemlərində baş verən fiziki proseslərin təbiətinin daha dərindən anlaşılmasına töhfə verir.
Məruzələrin sonunda konfrans iştirakçılarının mövzu ilə bağlı sualları dinlənilmiş və cavablandırılmışdır. Hər bir sual ətraflı izah edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.