Müqəddəs Endryus Universitetinin tədqiqat qrupu Ceyms Vebb teleskopunun müşahidə materiallarına əsasən sərbəst üzən planetar kütləli obyektləri (FFPMOs – Free-floating planetary-mass objects) təhlil edərək bu nəticəyə gəliblər ki, planetlər ulduzlar olmadan da formalaşa bilər.
Tədqiqatda 5–10 Yupiter kütləsində olan, 1–5 milyon il yaş aralığında olan 8 obyekt müşahidə olunub. Onlar M9.5 ilə L4 spektral sinifləri arasında yerləşirlər və 1600–1900 K temperatur aralığına malikdirlər. Bu cisimlər ulduz sistemləri daxilində deyil, nəhəng qaz və toz buludlarının kollapsı nəticəsində, təkbaşına formalaşıblar. Ən maraqlısı isə odur ki, onlar ulduzlar kimi daxilində istilik və nüvə reaksiyaları aparacaq qədər böyük kütləyə malik deyillər. Bu səbəblə onlar “planetar kütləli” obyektlər kimi təsnif edilir. Ceysm Vebb teleskopunun böyük ayırdetməyə malik olması və infraqırmızı diapazonda müşahidə imkanı, belə zəif və soyuq obyektləri aşkar etməyə imkan verir. Onlar ulduz işığı yaymadıqları üçün optik teleskoplar tərəfindən çox zaman görünməz qalırlar.
Araşdırma göstərir ki, bu planetə bənzər obyektlər ulduzsuz da olsa, ətraflarında toz və qaz diskləri yarada bilir. Bu disklərdə silikat dənəciklərinin müşahidə olunması isə maddənin bərk formaya – yəni qayalı planetlərə çevrilə biləcəyinə işarə edir. Yəni qaz nəhəngləri öz ətraflarında Günəş sistemindən təxminən 100 dəfə kiçik planet sistemləri formalaşdıra bilər. Bu kəşf göstərir ki, planet formalaşması üçün məhz klassik mənada ulduzun olması mütləq şərt deyil və planetlər kainatda bildiyimizdən daha çox yayılıblar.
Qeyd edək ki, sözügedən elmi tədqiqat işi 30 iyulda “The Astronomical Jounal”da çap olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.