Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş direktoru, müxbir üzv Namiq Cəlilov və elmi işçi Famil Mustafa Bolqarıstanın Primorsko şəhərində elmi ezamiyyətdə olub.
02-06 iyun tarixlərini əhatə edən ezamiyyət çərçivəsində əməkdaşlarımız Bolqarıstan Respublikası Elmlər Akademiyasının Kosmik Tədqiqatlar və Texnologiyalar İnstitutunun təşkilatçılığı ilə keçirilən 17-ci “Günəşin maqnitosfer, ionosfer və atmosferə təsiri” (Solar Influences on the Magnetosphere, Ionosphere and Atmosphere) adlı Beynəlxalq seminara qatılıblar. Günəş-Yer əlaqələri fizikası və kosmik hava problemləri üzrə dünyanın bir çox ölkələrindən tanınmış astronom alimlərin iştirak etdiyi bu tədbirdə fizika-riyaziyyat elmləri doktoru, müxbir üzv Namiq Cəlilov “MHD instabilities in Shear Flows of Anizotropic Wind Plasma” adlı məruzə ilə çıxış edib. Təqdim olunmuş məruzədə anizotrop və toqquşmasız Günəş küləyinin plazma layının kiçik həyəcanlanmaları MHD tənlikləri vasitəsilə öyrənilmişdir. Bu tənliklər Vlasov kinetik bərabərlikləri əsasında plazmada istilik axınının fəzada verilmiş kəsikdə dayanıqsızlığını araşdırmaq üçün tətbiq olunur. Araşdırmada dayanıqsızlığının sürətinin artma tempini xarakterizə edən kompleks spektral parametri tapmaq üçün xüsusi hal kimi sürətin hamar hiperbolik profilinə baxılıb və məsələnin həlli üçün ümumiləşmiş inteqral dispersiya tənliyi çıxarılıb. Bu tənlik bircins və anizotrop plazma üçün maqnit sahəsi boyunca istilik axınının da təsirini nəzərə almaqla cismin bütün dayanıqsızlığını təsvir etməyə, həmçinin plazmanın dinamikasını daha dəqiq modelləşdirilməsinə imkan verir.
Elmi işçi Famil Mustafa isə “Effects of Geomagnetic Storms on the Mid-Latitude D-Region Ionosphere” adlı məruzə ilə çıxış edib. Məruzədə geomaqnit qasırğalarının İonosferin D layına təsirinin nəticələri təqdim olunub. Ölçmələr üçün Şamaxı Astrofizika Rəsədxanasında qurulmuş “AWESOME” qəbuledicisindən istifadə edilib.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Çıxışların yekununda mövzular ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.
Tədbir çərçivəsində beynəlxalq əlaqələrin davam etdirilməsi istiqamətində bir sıra görüşlər və müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.