Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmış, əsasən C-M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4100 oblastındakı M8.2 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq 10 sm diapazonda radioalışma, radio rabitədə R1-R2 səviyyəli fasilələr, II-IV tip radio emissiya və ən əsası birbaşa Yerə yönəlmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 5ləkə qrupunda 103 ləkə və cənub yarımkürəsində böyük Tac dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində 4876 pfu-dək, 10 MeV-dən çox enerji yüklü proton seli isə son bir il müddətində ilk dəfə 466 pfu-dək yüksəlmişdir.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 1148 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 27 nT, radial istiqamətdə isə -23 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 656 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.44 nT, radial istiqamətdə isə -0.11 nT təşkil edir.
Hesabat dövründə 31 mayda baş vermiş M8.2 sinifli alışmaya bağlı TKA qeyd olunmuşdur. Günəş ləkəsi mərkəzi meridian yaxınlığında yerləşdiyindən müşahidə olunan TKA cəmi təxminən 30 saat ərzində Yerə çataraq şiddətli geomaqnit qasırğasına (G4) səbəb olmuşdur. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 7-yə bərabərdir, bu isə G3 səviyyəli (güclü) geomaqnit qasırğası deməkdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (03-08 iyun) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron və 10 MeV-dən çox enerji yüklü proton selinin yüksək səviyyədə olacağı gözlənilir.
Günəş küləyinin mənfi qütblü Tac Dəliyi Axınlarının və TKA-ın təsiri sürətinin yüksək olacağı gözlənilir.
Geomaqnit sahəsinin fəallığı ilə əlaqədar avroral oval orta enliklərə (50°) qədər genişlənib. Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 5-80%, orta coğrafi enliklərdə isə 25-35%-dir.
Geomaqnit sahəsinin aktivliyinin gün ərzində G3 (güclü qasırğa) səviyyəsinin tədricən zəifləcəyi gözlənilir. 05 iyunadək isə Tac Dəliyi Axınlarınının geomaqnit sahəsi aktiv qalacaq və təsiri ilə G1 (zəif qasırğa) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.