Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti astroseminarı keçirilib.
Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Arzu Orucova "RS OPH simbiotik ulduzunun 2021-ci il alışması zamanı Hα xəttinin spektral xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda klassik və təkrarlanan nova hadisələri ilə seçilən nadir obyektlərdən biri - RS Oph (RS Ophiuchi) simbiotik ulduz sistemindən danışıb. Bildirib ki, bu sistemdə ağ cırtdan və qırmızı nəhəng ulduz qarşılıqlı şəkildə fəaliyyət göstərir. Ağ cırtdan, qırmızı nəhəngin genişlənmiş atmosferindən gələn maddəni cazibə qüvvəsi ilə özünə çəkir və bu maddə onun səthində toplanaraq yüksək təzyiq və temperatur nəticəsində termonüvə partlayışına səbəb olur. Bu proses nəticəsində sistemin parlaqlığı birdən-birə 6-7 ulduz ölçüsü qədər artır və Hα xətti kimi spektral xətlərin profillərində kəskin dəyişikliklər müşahidə olunur.
RS Oph-un nova alışmaları təxminən 15-20 illik intervallarla baş verir. Əvvəlki alışmalar 1898, 1933, 1958, 1967, 1985 və 2006-cı illərdə qeydə alınmışdır. Sonuncu alışma isə 2021-ci ilin avqust ayında baş vermiş və bu hadisə zamanı çoxsaylı teleskop və rəsədxanalar tərəfindən intensiv müşahidələr aparılmışdır. Xüsusilə, alışma zamanı müşahidə edilən Hα xətti geniş qanadları, mərkəzi dar emissiya komponentləri və sürətli plazma axınlarına işarə edən mavi qanad absorbsiyaları ilə diqqət çəkir. Bu hadisə həm simbiotik sistemlərin dinamikasının, həm də nova mexanizmlərinin anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır.
RS Oph sistemindəki bu alışma prosesi, yalnız fotometrik dəyişikliklərlə deyil, həm də spektral profillərdə baş verən kəskin dəyişikliklərlə müşayiət olunur. Bu səbəbdən, Hα xəttinin təhlili sistemin fizikası, maddə axını, şok dalğalarının formalaşması və plazmanın kinetik xüsusiyyətləri haqqında ətraflı məlumat əldə etməyə imkan verir. 2021-ci il alışmasının spektral müşahidələri də məhz bu səbəbdən çox əhəmiyyətlidir.
Nəticə etibarilə, RS Oph sistemində baş verən alışma prosesi zamanı əldə olunan Hα spektrləri, simbiotik nova mexanizmlərinin təbiətini, maddə axınının istiqamətini və plazma strukturlarını anlamaqda mühüm rol oynayır. Bu cür alışmaların davamlı spektral monitorinqi, sistemin təkamülünü və gələcək partlayışların proqnozlaşdırılmasını da asanlaşdırır.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.