Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”çərçivəsində Magistranların və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı keçirilib.
Müxtəlif elm və təhsil müəssisələrindən olan 100-dən çox gənc alim və tədqiqatçıların qatıldığı elmi konfransda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları da iştirak edib.
Konfransda iştirak edən ŞAR-ın “Nəzəri astrofizika və kosmologiya” şöbəsinin elmi işçisi Şahnaz Tağıyeva “AdS/KXD-nin sərt divar modelində nuklon-həyəcanlanmış nuklon keçidləri üçün elektrik və maqnit radiusları”, “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin elmi işçisi Aysel Rüstəmova isə “AG Peg simbiotik ulduzunun orbit elementlərinin təyini” adlı məruzə ilə çıxış ediblər.
Şahnaz Tağıyeva öz məruzəsində AdS/KSN nəzəriyyəsinə əsaslanan AdS/KXD-nin sərt divar modelində alınmış Dirak və Pauli formfaktorlarının riyazi ifadələrini şərh edib. Qeyd edib ki, həmin ifadələrin əsasında elektrik və maqnit formfaktorlarının ötürülən impulsun kvadratından asılılıqları aşkar edilərək, nuklon-həyəcanlanmış nuklon keçidləri üçün elektrik və maqnit radiusları hesablanmışdır. Alınan nəticələrlə, əsas hal üçün hesablanmış digər nəzəri modelin və MAMİ, Jlab eksperimentlərinin nəticələri ilə müqayisə edilmişdir. Nuklon-həyəcanlaşmış nuklon keçidləri üçün nuklonun elektromaqnit radiuslarının qiymətləri ilə əsas halda müəyyən edilmiş eksperimental və nəzəri nəticələr arasında az fərqin olduğu aşkar edilmişdir.
Aysel Rüstəmovanın təqdim etdiyi işdə ŞAR-ın 2-m teleskopunda alınmış bircins, yüksək ayırdetməli spektral müşahidə materialı əsasında, AG Peg simbiotik ulduzunun qırmızı nəhəng komponentinin atmosferində yaranan udulma xətlərinin ölçülmüş şüa sürətlərinin orta qiymətləri əsasında qurulmuş şüa sürəti əyrisi göstərilib. Onun da əsasında spektral müşahidələrdən təyin etmək mümkün olan orbit elementlərinin (orbitdə hərəkət sürətlərinin maksimal və minimal qiymətləri; aposentr və perisentrdə sürətlər; orbitin eksentrisiteti) qiymətləndirilməsinin nəticələri təqdim olunmuşdur.
Məruzələrin sonunda konfrans iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.