Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kainatın Ritmində: Sağlam Ruh, Güclü Bədən, Parlaq Düşüncə” adlı elmi-ictimai tədbir keçirilib. "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin azyaşlı sakinlərinə həsr olunmuş tədbir Şamaxı Astrofizika Rəsədxanası və "Mesenat" Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Təşəbbüsün əsas məqsədi uşaqların hüquqlarının müdafiəsinə diqqət çəkmək, onların zərərli vərdişlərdən uzaq sağlam həyat tərzinə, təhsilə, elmi fəaliyyətə, idmana və yaradıcılığa yönəlməsini təşviq etməkdir.
Tədbirdə ilk öncə N.Tusi adına ŞAR-ın baş mühəndisi Zaur Ağayev rəsədxana rəhbərliyi adından çıxış edərək tədbiri rəsmi olaraq açıq elan edib. Sonra isə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə çıxış edərək uşaqların cəmiyyətin inkişafında oynadığı roldan danışıb və onların qorunması üçün birgə fəaliyyətin vacibliyini qeyd edib.
Tədbirin davamında iştirakçılara “Kosmik Odisseya” adlı maarifləndirici video-çarx təqdim olunub. Bu video-çarxda uşaqlara kainatın quruluşu, qalaktikalar və ulduzların yaranması barədə maraqlı vizual məlumatlar verilib.
Ardınca Mesenat Xeyriyyə Cəmiyyətinin sədri Tahir Hümbətli “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” mövzusunda məruzə ilə çıxış edib. O, uşaqların sevgi dolu və təhlükəsiz bir mühitdə böyümələrinin vacibliyini vurğulayıb. Bildirib ki, bu kimi tədbirlər xüsusilə cəmiyyətin həssas kəsimini təmsil edən uşaqlar üçün xüsusi önəm daşıyır, onların elm və təhsilə yönəlməsinə stimul yaradır.
Tədbirin elmi məzmununu ŞAR GAMŞ-ın məsul katibi və elmi kitabxananın müdiri Lalə Səlimzadə “Uşaqlar üçün bir gün, insanlıq üçün bir missiya” mövzusunda etdiyi çıxışla davam etdirib. Lalə xanım uşaqların mənəvi inkişafının və hüquqlarının cəmiyyət üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra ŞAR GAMŞ-ın sədri Samirə Rəhimli “Kainat: Böyük Partlayışdan bu günə” mövzusunda təqdimatla çıxış edərək uşaqlara kainatın yaranma tarixi, ulduzların formalaşması və astronomiyanın insan düşüncəsindəki yeri barədə maraqlı məlumatlar çatdırıb. Dinləyicilər tərəfindən maraqla qarşılanan çıxışın ardınca interaktiv sessiya təşkil olunub və uşaqları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin rəsmi hissəsindən sonra uşaqlar üçün elmi ekskursiya təşkil olunub. ŞAR-ın elmi işçisi Səbahəddin Alışovun müşayətilə baş tutan ekskursiyada iştirakçılar Rəsədxananın muzeyi ilə tanış edilib. Muzeydə nümayiş olunan qədim astronomik cihazlar, teleskoplar və Azərbaycan astronomiyasının tarixi eksponatları azyaşlı qonaqların böyük marağına səbəb olub. Bundan başqa, ekskursiya zamanı uşaqlara görkəmli azərbaycanlı alimlərin həyat və fəaliyyətləri barədə geniş məlumat verilib. Muzeydən sonra uşaqlar ŞAR-ın 70 santimetrlik teleskopuna aparılıb. Səbahəddin Alışov qonaqlara teleskopun texniki parametrləri, burada aparılan elmi tədqiqat işləri barədə məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.