“NASA”nın mühəndisləri Voyager-1 kosmik zondunun 2004-cü ildə sıradan çıxdığı düşünülən mühərriklərini işə salmağa müvəffəq olub.
1977-ci ildə buraxılmış Voyager-1 və Voyager-2 kosmik zondları hal-hazırda Günəş sisteminin sərhədlərini tərk edərək ulduzlar arası fəzada öz yollarına davam edirlər. Voyager-1 və Voyager-2 kosmik zondları Günəş sisteminin xarici planetlərini və sərhədlərinin tədqiqi üçün işlənmiş layihələrdir. Fəaliyyətləri zamanı Yupiter, Saturn, Uran, Neptun və peyklərinin ilk detallı fotoları məhz Voyagerlər tərəfindən alınmışdır. Həmçinin hər iki kosmik zondda Yerdən kənar sivilizasiyalara ünvanlanmış burdakı həyatı, DNT-nin strukturunu, insan anatomiyasını bəşəriyyətin mənəvi irsini əks etdirən materiallar və 14 ən yaxın pulsara nəzərən ikilik kodla yazılmış, bizim qalaktik ünvanımızı göstərən qızıl disk yerləşdirilmişdir.
Kosmik zondların fəzada oriyentasiyası elə qalmalıdır ki, Yerdə onların göndərdiyi siqnalları qəbul etmək olsun. Bunun üçün manevr edə bilən kiçik mühərriklərdən istifadə olunur. Hər bir zond cəmi 16 belə mühərrikə malikdir. Əsas mühərriklər sönsə belə köməkçi mühərriklərin gücü bu manevrlər üçün kifayətdir ki, zondun siqnalların göndərə bilmək müddəti uzadılsın. 2004-cü ildə Voyager-1-in iki əsas mühəriki yanacaq verən kiçik qızdırıcıların sıradan çıxması nəticəsində öz işini dayandırmışdı və rezerv mühərriklərdən istifadə etməyə başlamışdılar. Lakin bu ilin payızına artıq aktiv mühərriklərin borularının tamamilə tutulması gözlənilir. Nəticədə onlar yararsız olacaq və zondu idarə etmək üçün alternativ varianta ehtiyac var. Voyager-1 proqram təminatı elə qurulub ki, zond oriyentasiya üçün istifadə olunan hədəf ulduzundan çox sapdığı halda naviqasiya detektoru əsas mühərrikləri yenidən yandırmağa proqramlanıb. Əgər mühərriklərin qızdırıcıları həqiqətən sıradan çıxmış olsa, o zaman mühərriklər işə düşən zaman zond partlayacaqdı. Digər variant isə o idi ki, ola bilsin qızdırıcılar işləyir, sadəcə enerji ötürülməsində problem yaranıb. Mühəndislər 20 martda cihazın əsas mühərriklərini yenidən işə salmaq üçün siqnal göndəriblər və əməliyyat uğurla başa çatıb. Bu isə o deməkdir ki, Voyager-1 yenə də bizə informasiya ötürməyə davam edəcək. Qeyd edək ki, hal-hazırda Voyagerə göndərilmiş siqnallar 23 saat sonra zonda çatır.
Voyager zondları ilə əlaqə saxlamaq üçün dünyanın 3 nöqtəsində qurulmuş radio antennalardan istifadə olunur. Onlardan ən əsası və əməliyyat etmək imkanı verən Kanberrada qurulmuş “Deep Space Station 43” radio teleskopudur. Bu nəhəng antenna 230 m diametrə malikdir. Teleskop 4 may 2025 tarixindən 2026-cı ilin fevralınadək modernizasiya üçün müşahidələri dayandıracaq, yalnız avqust və dekabrda qısamüddətli olaraq zondla əlaqə qurmaq olacaq. Antennanın yenilənmə işləri isə gələcəkdə Aya planlaşdırılan missiyalarla bağlıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.