PLATO -"Planetary Transits and Oscillations of stars" kosmik missiyası Avropa Kosmik Agentliyi (ESA) və Plato Missiyası Konsorsiumunun əməkdaşlığı çərçivəsində Günəşə bənzər ulduzların ətrafında Yer tipli ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulmuş layihədir.
Kosmik teleskopda 26 kamera quraşdırılması planlaşdırılıb. Hal-hazırda kameralardan 24-ü hazırdır və onlar hər biri 6 dəstdən ibarət 4 qrup şəklində işləyəcəklər. Kameralar ayrılıqda 81.4 meqapiksel ayırdetməyə malikdir və hər bir kameranın matrisi 4 ədəd 4510 x 4510 piksellik YƏC-dən ibarətdir. Hər qrupun 9.2°-lik hərəkətliliyi imkan verir ki, teleskop birdəfəyə səmanın böyük bir sahəsini – 2250 kv. dərəcədən böyük sektoru skan etsin. 24 kamera hər 25 saniyədən bir, əlavə iki "sürətli" kamera isə hər 2,5 saniyədən bir şəkil çəkəcək. Bunlar indiyə qədər əldə olunmuş ən böyük həcmli və dəqiq şəkillər olacaq.
Kosmik teleskop Günəş tipli ulduzların ətrafında əsasən Yer ölçülü və Yerə bənzər planetləri axtarmaqla yanaşı, ulduzlarda baş verən astroseysmik proseslərin nəticəsində ulduzun parlaqlığının dəyişməsini də tədqiq edəcək. Çünki tranzit üsulu ilə ekzoplanetlərin kəşfi ulduzların parlaqlıq əyrisinin dəyişməsinə əsaslanır. Ulduzun parlaqlığının dəyişmə səbəbini müəyyənləşdirmək vacibdir. Çünki ola bilsin, parlaqlıq planetin ulduzun qarşısından keçməsinə görə deyil, məhz ulduzda gedən seysmik aktivliyə görə dəyişir. Kameralar yüksək həssaslığa və ayırdetməyə malikdir. Onlar ekzoplanetlərdə baş verən kiçik dəyişiklikləri və aktivliyi qeydə almağa, planetlərin ətrafında peyklərini və halqaları aşkarlamağa imkan verəcək.
Layihəyə 2015-ci ildə başlayıb və 2026-cı ildə kosmik teleskopun kosmosa qaldırılması planlaşdırılır. Yerdən 1.5 milyon km məsafədə orbitin L2 nöqtəsində, Günəşdən əks istiqamətdə yerləşdiriləcək. Plato ilə 4 il müddətində 200 000-dən artıq ulduzun tədqiqi hədəflənib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.