Kainatın ancaq 5%-i adi materiyadan təşkil olunub. Qalan 95% isə təbiəti hələ də naməlum olan qara maddə və enerjidən ibarətdir. Evklid teleskopu Avropa Kosmik Agentliyi tərəfindən Kainatdakı qara maddə, qara enerjinin quruluşu və təkamülünü tədqiq etmək üçün hazırlanmışdır. Qədim Yunan riyaziyyatçısı Evklidin şərəfinə adlandırılmış teleskop, 1 iyul 2023-cü ildə Floridadan Falkon 9 daşıyıcısı ilə kosmosa qaldırılıb və Yerdən 1.5 milyon km məsafədə 2-ci Lanqranj nöqtəsində mövqe tutub. Diametri 1.2 m olan teleskop səmada 3 sektoru skan etməyə fokuslanmışdır.
Evkliddə optik oblastda müşahidə aparan VIS (VISible imager) və yaxın infraqırmızı oblastda NISP (Near Infrared Spectrometer and Photometer) olmaqla, iki növ kamera quraşdırılıb. VIS 550-900 nm diapazonda olan işıq dalğalarını qeyd edir. Hər biri 4000x4000 piksellik 36 YƏC-dən təşkil olunmuş cihaz qalaktikaların formalarını və onlara qədər olan məsafəni dəqiq ölçməklə, həmçinin qravitasiya linzalarının qalaktikaların formasına təsirini qeydə alır. Toplanmış məlumatlar əsasında Kainatın genişlənmə tempinin zamanla necə dəyişdiyini araşdırmaq imkanı yaradır. NISP isə 900-2000 nm oblastda işləyir. Alət hər biri 2040x2040 piksel olan 16 detektordan ibarətdir. Spektroskopik ölçmələrə əsasən cihaz qalaktikaların qırmızı sürüşməsini ölçməyə və kainatın genişlənmə tempini hesablamağa imkan yaradır. Baxış bucağı geniş olan teleskop bir dəfəyə səmada 2.5 Ay ölçüsündə sektoru skan etməyə imkan verir və gündəlik Yerə 100 Gb-lıq məlumat göndərir.
Evklidin müşahidə materialları əsasında “Zooniverse” platformasında “Galaxy zoo” layihəsi yaradılmışdır. Sadə vətəndaşlar üçün açıq olan platformada hər kəs daxil olub kiçik testlərdən keçərək qalaktikaların formasının təsnifləşdirilməsində iştirak edə bilər. İlk kataloqda 800 000 qalaktikanın təsnifləşdirilməsi planlaşdırılmışdı, lakin bu ilin əvvəlində təqdim olunmuş ilk kataloqa 380 000 qalaktika və 500 qravitasiya linzası daxil olunub.
Teleskop fəaliyyət göstərdiyi müddətdə bir çox yüksək ayırdetməli materiallar almışdır. Onlardan ən diqqətəlayiq olan isə laboratoriyada alınan Eynşteyn halqasını Kainatda NGC 6505 qalaktikasının nüvəsinin ətrafında görüntüləməsidir. Bu arxa fondakı obyektin qravitasiya linzalanmasının ən yaxşı nümunəsidir. Qalaktika 1884-cü ildə kəşf olunsa da, nüvənin ətrafındakı halqanı ancaq Evkild tərəfindən çəkilmiş yüksək ayırdetməli materiallar əsasında görmək mümkün olmuşdur.
Alınmış materiallar əsasında göyün 3D xəritəsini hazırlamaq planlaşdırılır. Hal-hazırda teleskopun aşkar etdiyi qalaktikaların sayı 26 milyondur, onlardan ən uzağı 10.5 milyard işıq ili məsafədə yerləşir. Layihə çərçivəsində 2 milyard qalaktikanın aşkarlanması hədəflənib. Toplanmış materiallar əsasında göyün 1/3-ni xəritələşdirmək mümkün olacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.