Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. 4055 ləkə regionu xüsusilə aktiv olmuş, ləkə qrupunda ardıcıl M və C sinif alışmalar qeydə alınmış, maksimal sinifli alışma isə M4.2 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II tip radioemissiya, radiosiqnalların ötürülməsində R1 səviyyəli fasilələr, Yerə yönəlmiş komponentə malik Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 89 ləkə müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olub 17878 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 590 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 414 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 3.7 nT, radial istiqamətdə isə -2 nT təşkil edir.
Hesabat dövründə 08-14 aprel tarixlərində Günəşin fəallığına bağlı olaraq Yerdə geomaqnit sahəsinin intensivliyi aktiv olmuş və fasilələrlə G1 səviyyəsinə yüksəlmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 2-ə bərabərdir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (15-20 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 80%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin Tac Dəliyi Axınlarının təsiri ilə 17 aprelədək yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyəsində olacağı proqnozlaşdırılır.
Günəş küləyinin sürətinin Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 16 apreldə gözlənilən TKA-nın təsiri ilə artacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 30-40%, aşağı qütb dairələrində isə 10-1%-dir.
Geomaqnit sahəsi – Tac Dəliyi Axınlarının təsiri 16 martda zəifləsə də, gözlənilən TKA-nın təsiri ilə 16 martda G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Digər TKA-nın da təsiri əlavə olunarsa, geomaqnit qasırğasının intensivliyinin G3 səviyyəsinə qalxması ehtimalı var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.