Aprelin 2-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 11 aprel 2018-ci il Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı iclas keçirilib.
Tədbiri ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, əvvəlcə iştirakçıları iclasın gündəliyi ilə tanış edib.
Sonra direktor bildirib ki, hələ Ulu Öndər Heydər Əliyevin Şamaxı Astrofizika Rəsədxanasına gəlişi (1974), vəziyyətlə yerindəcə tanış olaraq maddi-texniki təminat, yerli kadr hazırlığı kimi müvafiq sahələr üzrə tarixi qərarlar qəbul etməsi ölkədə astronomiya elminin sonrakı inkişafı ilə bağlı mühüm əhəmiyyətə malik olmuşdur.
Alim qeyd edib ki, son illərdə Azərbaycanda astronomiya elminin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu baxımdan Şamaxı Astrofizika Rəsədxanasında aparılan təmir və yenidənqurma işləri diqqəti cəlb edir:
“2008-ci ildən sonra Şamaxı Astrofizika Rəsədxanasının həyatında yeni əlamətdar mərhələ başlanmışdır. Belə ki, Azərbaycanda elmin inkişafına böyük diqqət göstərən dövlət başçısı rəsədxananın yenidən qurulması, burada təmir-bərpa işlərinin aparılması ilə bağlı sərəncamlar imzalamış, tapşırıqlar vermişdir. Prezident İlham Əliyevin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan ümumilikdə 8 milyon manat vəsait ayrılmışdır. Sərəncamların icrası nəticəsində Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazası möhkəmlənmiş, əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni binalar inşa olunmuş, müasir qurğular işə salınmışdır”.
N.Cəlilov görülən bu işlərin ölkəmizdə astronomiya elminin inkişafına verilən töhvə olduğunu bildirərək vurğulayıb ki, cənab İlham Əliyev cari ilin aprel ayının 11-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərarı ölkəmizin çox həssas bir dövrə qədəm qoyduğunu göstərir.
"Biz astronomlar ölkədəki bütün sahələrdə davamlı inkişafın müəllifi, icraçısı və qarantı olan bir namizədi–yenə də dəstəkləməklə Azərbaycanın işıqlı bu gününə və gələcəyinə səs verəcəyik!".
Daha sonra rəsədxananın şöbə müdiri, f.-r.ü.f.d Bayram Rüstəmov, rəsədxananın aparıcı elmi işçisi, f.-r.ü.f.d Dimitriy Şestopalov və digər alimlər çıxış edərək son illərdə rəsədxanada aparılan elmi-tədqiqat işlərindən, beynəlxalq elmi əlaqələrdən danışıblar.
Sonda Azərbaycan Respublikasının prezidenti cənab İ.H.Əliyevə müraciət qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.