Yanvar ayının 31-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti astroseminarı keçirilib.
Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra rəsədxananın "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri" şöbəsinin əməkdaşı Zümrüd Binnətova "3C 390.3 radioqalaktikasının fotometrik dəyişkənliyi" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda 2016-2022-ci illərdə 3C 390.3 radioqalaktikasının BVİcRc süzgəclərində fotometrik dəyişkənliyinin nəticələri verilir. 3C 390.3 radioqalaktikasının BVİcRc süzgəclərində parlaqlığın amplitudu 16.06.2020-ci il (JD2459017) tarixdə BVİcRc süzgəclərində uyğun olaraq 0m45; 0m2; 0m17 və 0m31 qədər zəifləmişdir. Radioqalaktikada parlaqlığın amplitudu 07.05.2021-ci il (JD2450401) tarixdə isə çox güclü alışma nəticəsində BVİcRc süzgəclərində uyğun olaraq 0m91; 0m43; 0m39 və 0m41 qədər artmışdır. 3C 390.3 radioqalaktikasının BVİcRc süzgəclərində parlaqlığın amplitudu 16.07. 2022 –ci il (JD2459777) tarixində isə BVİcRc süzgəclərində uyğun olaraq 0m09; 0m15; 0m07 və 0m1 qədər artmışdır.
Hesab edilir ki, 3C 390.3 radioqalaktikasında aşkar olunan dəyişkənlik xaotik xarakter daşıyır. Parlaqlığın dəyişməsinin səbəbi isə ifrat nəhəng kütləli qara çuxura maddənin akkresiya tempinin artıb-azalması və nüvə ətrafı oblastda fiziki mühitin dəyişməsi ilə bağlı ola bilər.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.