Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artaraq, ardıcıl X sinif alışmalar baş vermişdir. Maksimal sinifli alışma 3947 oblastındakı X1.8 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində radio siqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr, II-IV tip radioemissiya, 10 sm dalğa uznluğunda radioalışmalar qeydə alınmışdır, həmçinin bir neçə Tac Kütlə Atılmaları (TKA) baş vermişdir. Günəş səthində ləkələrin sayı artaraq 12 ləkə qrupunda 178 ləkə və Tac dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli 1057 pfu-dək, 10 MeV-dən çox enerji yüklü proton seli isə 04-05 yanvarda 20 pfu-dək (S1) yüksəlmişdir.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 782 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 27 nT, radial istiqamətdə isə -23 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 500 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.06 nT, radial istiqamətdə isə -5.31 nT təşkil edir.
Hesabat dövrü ərzində Günəşdə fəallığın artması səbəbi ilə 01 yanvarda geomaqnit qasırğası başlamış və G4 (şiddətli qasırğa) səviyyəsinədək yüksəlmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bəbabərdir və kosmik hava aktivdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (06-12 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25% təşkil edir.
Ardıcıl baş vermiş TKA-ın təsiri nəticəsində enerjisi 2 MeV-dən çox olan elektron selinin, həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin 07-08 yanvarda S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 06 yanvarda baş vermiş TKA-nın təsiri ilə artacağı gözlənilir.
Geomaqnit sahəsi - müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınları 08 yanvaradək təsir göstərəcək. Əlavə olaraq 06 yanvarda baş vermiş TKA-nın təsiri ilə gün ərzində G1-G2 səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.