Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) direktor hesabatı keçirilib.
Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, tədbir iştirakçılarını salamlayıb. Sonra Rəsədxananın 2024-cü il üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair yekun hesabat məruzəsi ilə çıxış edib.
Namiq Cəlilov bildirib ki, hesabat dövründə Şamaxı Astrofizika Rəsədxanası öz işini müəyyən edilmiş prioritet istiqamətlər çərçivəsində həyata keçirmişdir. Cari ildə Rəsədxanada Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası uğurla həyata keçirilib. Elmi istiqamətlər proqramına uyğun olaraq 2 problemə aid 8 mövzu üzrə 17 tədqiqat işi aparılmış və mühüm elmi nəticələr əldə edilmişdir. Hesabat ilində 38 məqalə çap edilmiş, həmin məqalələrdən 9-u Web of Science və SCOPUS bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunmuşdur. Alınan elmi nəticələr müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və seminarlarda müzakirə edilərək mütəxəsisslər tərəfindən yüksək qiymətləndirilmiş və nüfuzlu beynəlxalq və yerli jurnallarda dərc olunub.
Daha sonra natiq 2024-cü ildə rəsədxanada keçirilən beynəlxalq və yerli konfranslardan danışıb. Qeyd edib ki, ŞAR-ın 65 illik yubileyinə həsr olunmuş "Canlı Kainat - Planetlərdən Qalaktikalara" adlı 2-ci beynəlxalq konfrans keçirilmişdir. Konfransa təqdim olunmuş tezislər toplusu çap edilmişdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ŞAR-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə "Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda elmi-praktik konfrans, eləcə də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə "COP29: Gələcək nəsillər üçün yaşıl dünya" adlı tədbir keçirilib.
Çıxış zamanı alim 2024-cü ildə təşkil edilmiş bir sıra ictimai tədbirlərdən də danışıb. O, qeyd edib ki, cari ildə “Zərərli vərdişlər və onlarla mübarizədə maarifləndirici təbliğatın rolu”, Ümumdünya Kosmos Həftəsi çərçivəsində “Kosmik səyahət: Ulduzlara doğru”, Şuşa şəhərinin İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı seçilməsinə həsr olunmuş “ŞUŞA 2024: Gənclik ruhu ilə canlanan qocaman miras” və Zəfər Gününə həsr olunmuş “Ədalətin Zəfəri - Zəfərin Təntənəsi” adlı tədbirlər yüksək səviyyədə təşkil edilib.
Çıxışın sonunda təqdim olunan hesabat ətrafında geniş müzakirələr aparılıb və müzakirələrin yekununda hesabat qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.