7 noyabr 2024-cü il tarixində N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Zəfər Gününə həsr olunmuş “Ədalətin Zəfəri - Zəfərin Təntənəsi” adlı tədbir keçirilib. Şamaxı Astrofizika Rəsədxanası və ŞAR Həmkarlar İttifaqı Təşkilatının (HİT) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə institutun bütün struktur bölmələrinin əməkdaşları, o cümlədən birinci və ikinci Qarabağ müharibəsinin veteranları iştirak edib.
Tədbirdən əvvəl Şamaxı şəhərində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, şəhid məzarları önünə tər çiçəklər qoyulub.
Rəsədxananın konfrans zalında keçirilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib sonra isə Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, artıq dördüncü ildir, xalqımız böyük qürur hissi ilə tarixi ədalətin bərpa edildiyi 8 noyabr - Zəfər Gününü qeyd edir. Bu əlamətdar hadisənin şahidi olan hər bir azərbaycanlı müasir tariximizin unudulmaz, misilsiz dövrünü yaşayır.
Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə qazanılan bu zəfər əsl qəhrəmanlıq salnaməsidir. Bununla, Azərbaycan bütün dünyaya öz gücünü, əzəmətini nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqının öz haqq mübarizəsindəki cəsarətinə, əzminə, qətiyyətinə və sarsılmaz birliyinə şahidlik etdi.
Alim qeyd edib ki, ölkəmizin haqq mübarizəsinə digər elm və təhsil müəssisələri kimi, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kollektivi də qoşulmuş, müharibə zamanı rəsədxananın bir qrup əməkdaşı və övladları Vətən müharibəsində iştirak edərək düşmənlə üz-üzə cəbhədə mübarizə aparmışlar. Müəssisəmiz tərəfindən Vətən müharibəsi dövründə ordumuza dəstək və şəhid olanların ailələrinə yardım məqsədilə fondlara ianələr edilmiş, cəbhə bölgəsində yerləşən hərbi hissələrin əsgər heyəti üçün gündəlik tələbat malları çatdırılmışdır. O məsuliyyətli dönəmdə alim və mütəxəssilərimiz informasiya müharibəsində də məqsədyönlü fəalliyət göstərmişlər. Rəsədxana əməkdaşları tərəfindən tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli dəyərlərimizin təbliği istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.
Növbəti çıxış üçün söz rəsədxananın “Elmi əlaqələr və təşkilati məsələlər” şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, ehtiyyatda olan polkovnik Kamal Hüseynova verilib. Kamal Hüseynov da öz növbəsində hər kəsi Zəfər Günü münasibətilə təbrik edib, birinci Qarabağ müharibəsi veteranı olaraq məhz onların başladığı haqq mübarizəsinin gənc nəsil tərəfindən 44 günlük Vətən Müharibəsində Şanlı Zəfərlə tamamlanmasından danışıb. Bildirib ki, Vətən Müharibəsində ordumuzun göstərdiyi yüksək peşəkarlıq və şücaət dünya hərb məktəblərində dərsliklərə salınacaq qəhrəmanlıq nümunəsidir.
Sonra Zəfər Salnaməmizdən bəhs edən “Böyük Zəfər, çiçəklənən Qarabağ” adlı video-çarx nümaiş etdirilib.
Açılış mərasiminin ardınca çıxışlar fonunda tədbir öz işini davam etdirib. ŞAR Həmkarlar İttifaqı Təşkilatının Sədri Aynurə Həsənova, “İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Orxan Salehli və Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Samirə Rəhimli müvafiq olaraq, “İşğaldan azad olunmuş ərazilərdə davamlı inkişafın perspektivləri”, “Doğma yurda böyük qayıdış” və “44 Günlük Vətən Müharibəsində Azərbaycan gəncliyi” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirin sonunda müharibə iştirakçılarına Fəxri Fərmanlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.