Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır, maksimal sinifli alışma 3842 oblastında baş vermiş X2.1 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq, 7 ləkə qrupunda 108 ləkə müşahidə olunur. Həftə ərzində Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur, 10 MeV-dən çox enerji yüklü proton seli isə X2.1 və X1.8 sinifli alışm səbəbli 08-11 oktyabrda S3 səviyyəsinə yüksəlmişdir.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 833 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 45 nT, radial istiqamətdə isə -45 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (392 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.8 nT, radial istiqamətdə isə -2.0 nT təşkil edir.
Hesabat dövründə 3842 regionunda baş vermiş X2.1 və X1.8 sinifli alışmanın və TKA-nın təsiri ilə 07-12 oktyabrda şiddətli geomaqnit qasırğası (G1-G4) baş vermişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (14-20 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin TKA-nın təsiri ilə 14 oktyabrda yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə 3848 və 3849 regionlarının aktivliyinə bağlı olaraq S1 səviyyəsinə yüksələ bilər.
Günəş küləyinin sürətinin Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 11 oktyabrda 3854 regionunda baş vermiş TKA–nın təsiri ilə yüksələcəyi gözlənilir.
Geomaqnit sahəsi – 11 oktyabrda baş Vermiş TKA və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 15-16 oktyabrda G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.