Tədqiqatçıların qənaətinə görə Yerin su hövzələrində həll olunmuş oksigenin miqdarı sürətlə azalır ki, bu da planetimiz üçün çox ciddi təhlükə mənbələrindən biridir.
Məlumdur ki, atmosferin əsas tərkib hissələrindən biri olan oksigen quruda yaşayan bütün canlılar üçün həyati vacib komponentdir. Eynilə Su ekosisteminin varlığı üçün də suda (şirin və ya duzlu dəniz suyunda) həll olunmuş oksigenin müəyyən miqdarda varlığı zəruridir. Su həm su hövzələrindəki, həm də qurudakı varlığın mövcudluğu üçün əsas faktorlardan biridir. "Science Alert"in dərc etdiyi məqalədə bütün bunların hal-hazırda böyük təhlükə ilə üzləşdiyi qeyd edilir.
Rensselaer Politexnik İnstitutunun (ABŞ) alimlərinin yeni tədqiqatlarında aşkar olunub ki, hazırda Su ekosistemində oksigenin miqdarı sürətlə azalır. Həmin alimlərin təklifinə görə oksigenin azalması problemi təcili olaraq planetimizin qlobal problemləri siyahısına salınmalı, suda mövcud oksigenin miqdarının kritik həddi müəyyən edilməlidir.
Qeyd edək ki, hazırda planetar problemlər siyahısına daxildir:
- İqlimin qlobal dəyişkənliyi;
- Okean sularında kimyəvi turşululuğun yüksəlməsi;
- Atmosferin ozon qatının tədricən yoxa çıxması;
- Flüor və azotun qlobal tsiklinə insan fəaliyyətinin təsiri;
- Biomüxtəlifliyin dəyişmə tempi;
- İçməli suyun qlobal azalması;
- Atmosferin aerozol çirklənməsi;
- Planetin kimyəvi çirklənməsi.
Alimlər qeyd edirlər ki, su hövzələrində oksigenin hazırkı templə, sürətli azalması və kritik həddə yaxınlaşması eko və sosial sistemlərin gələcək mövcudluğuna birbaşa təsirə malikdir. Bu fakt təcili nəzərə alınmalıdır. Suda oksigenin miqdarının azalmasına bir sıra səbəblər mövcud ola bilər. Məlumdur ki, isinmiş suda oksigenin miqdarı soyuq sudakından azdır. Suda həll olmuş oksigen onun istifadəçiləri tərəfindən daha sürətlə mənimsənilir, nəinki qlobal tsikldə oksigen bərpa olunur (istifadə sürəti bərpa tempindən daha böyükdür). Məsələn, kənd təsərrüfatının orqanik və gübrə tullantılarının sulara daxil olması səbəbindən sularda yosunların və bakterial mənşəli törəmələrin sürətlə çoxalmasına səbəb olur ki, onlar da oksigenin əsas istifadəçiləridirlər. Bu proses davam edərsə onunla nəticələnə bilər ki, oksigen çatışmazlığı səbəbindən oksigen istifadə edən mikroblar kütləvi şəkildə məhv olar və onların əvəzinə oksigen istifadə etməyən mikroblar əmələ gələr. Beləliklə, qlobal olaraq boğucu Evtrofikasiya tsiklinə start verilmiş olardı.
Su hövzəsində oksigenin miqdarının azalmasına səbəblərdən biri də onun stratifikasiyasının dəyişməsi ola bilər. Suyun üst qatları onun alt qatlarına nisbətən sürətlə qızır. Buzlaqların əriməsi isə üst qatların duzluluğunu azaldır. Beləliklə suyun müxtəlif qatlarının sıxlıqları kəskin fərqlənir. Bu cür stratifikasiya qatlar arasında kütlə axınlarını yavaşladır.
Müəlliflərin fikrinə görə oksigen qıtlığının yaranması ilə bağlı planetar fəlakətin qarşısı hələ ki, alına bilər. Bunun üçün atmosferə qaz tullantıları, o cümlədən təbiətə orqanik birləşmə axınlarının miqdarı kəskin azaldılmalıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.