Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı nisbətən artaraq həftə boyunca M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma 3738 regionunda qeydə alınan X1.9 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı qismən azalaraq 13 ləkə qrupunda 200 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 423 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 17 nT, radial istiqamətdə isə -9 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (294 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 6.4 nT, radial istiqamətdə isə -4.4 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit - aktiv səviyyələrdə olmuşdur. Geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda Kp indeksi 1.5-yə bərabərdir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (22 – 28 iyul ) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Günəş küləyinin 24 iyuladək nominal qiymətlərdə olacağı, sonra isə 21 iyulda baş vermiş plazma atılmasının təsiri ilə sürətinin artması ehtimalı var.
Geomaqnit sahəsinin 21 iyulda baş vermiş Plazma atılması 24 iyulda Yerə çatarsa G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.