Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləyərək C sinif alışmalar üstünlük təşkil etmişdir. Maksimal sinifli alışma M2.7 sinifli alışma olmuşdur, bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 14 ləkə qrupunda 199 ləkə müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 586 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 13 nT, radial istiqamətdə isə -9 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 477 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 2.9 nT, radial istiqamətdə isə -2.3 nT təşkil edir.
Hesabat dövründə sakit geomaqnit sahəsi proqnozlaşdırılmasına baxmayaraq 25 iyunda püskürmüş filament gözlənilən zəif təsirlə ötüb keçmədi və 28 iyunda Yerdə geomaqnit qasırğası baş verdi, onun aktivliyi G4 (şiddətli qasırğa) səviyyəsinədək yüksəldi. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 2-ə bərabərdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (1-7 iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə bir qədər yüksəlməsi ehtimalı var.
Günəş küləyinin sürətinin 26-29 iyunda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.
Geomaqnit sahəsinin 26-29 iyunda baş vermiş TKA-nın təsiri ilə qeyri-stabil və aktiv səviyyələrdə olacağı proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.