Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır. 3663 oblastı və 3664 çox aktivdir, ardıcıl olaraq M və X sinif alışmalar baş verməkdədir. 3664 oblastının ölçüsü Karrinqton effektini yaradan ləkə ilə müqayisə olunacaq ölçüdə - təxminən 200 000 km-dir. Maksimal sinifli alışma 3663 oblastındakı X4.5 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R2-R3 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və II-IV tip radioemissiya, həmçinin Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində 8 ləkə qrupunda 170 ləkə və Tac dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin sürəti artaraq 602 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 19 nT, radial istiqamətdə isə -12 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 412 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 0.7 nT, radial istiqamətdə isə -0.9 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və qeyri-stabil olmuşdur. Hal-hazırda Kp indeksi 3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (10-13 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 95%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 60% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 10-12 may tarixlərində 3664 oblastındakı alışmalara bağlı olaraq S1 səviyyəsinə yüksələcəyi gözlənilir.
Günəş küləyinin sürətinin ardıcıl baş vermiş TKA nəticəsində artacağı gözlənilir.
Geomaqnit sahəsinin 08-09 may tarixlərində baş vermiş TKA -ın kombinə olunmuş təsiri nəticəsində 10-12 may tarixlərində G1 səviyyəli (zəif) geomaqnit qasırğasından G4 səviyyəsinədək (şiddətli) yüksələcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.