Cihazlar və İşıqqəbulediciləri


•  2-metrlik teleskop və onun cihazları.  Almaniyanın “Carl Zeiss JENA” firmasının istehsalıdır və 1966-cı ildə istifadəyə verilmişdir. Əsas güzgü parabolikdir, diametri 2080 mm, fokus məsafəsi 9000 mm-dir.

2-metrlik teleskop 3 müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulmuşdur: 

• Baş fokus. İşıq qüvvəsi-1:4.5. Fokal səthdə miqyas 23″/mm. Cihazları: fotoqrafik müşahidələr üçün korrektor tədbiq etməklə faydalı sahəsi 21′x21′ olan baş fokus kasset qurğusu, zəif obyektlərin spektrlərinin alınması üçün istifadə olunan 2 difraksiya qəfəsi və 3 kamera ilə təchiz olunmuş baş fokus spektroqrafı;      

• Kasseqren fokusu. Ekvivalent fokus məsafəsi 29500 mm. İşıq qüvvəsi -1:14.5. Miqyas 7″/mm. Cihazları: zəif ulduzların spektrlərini almaq üçün ölçüləri 1024x1536 piksel olan CCD ilə təmin olunmuş, dispersiyası Hγ yanında 90 və 180 Å/mm olan 2x2 prizmalı spektroqraf. Ulduzların kəmiyyət baxımından spektral analizi üçün  dispersiyası 29, 44, 86, 196  Å/mm olan klassik difraksiya qəfəsli (UAGS) spektroqraf. Kasseqren fokusunda zəif ulduzların yüksək ayırdetməli spektrlərinin alınması üçün ayırdetmə qabiliyyətləri 15000 və 25000 olan və 530x580 piksel ölçülü CCD matris (azotla soyutma) ilə təchiz olunmuş 2 kameralı (F=150mm, F=250mm) Kasseqren-Eşelle spektroqrafı. Fotometriya üçün faydalı sahəsi 4′x4′ olan 3056x3056 piksel ölçülü CCD matris (termoelektron soyutma) və beynəlxalq filtr dəsti ilə təchiz olunmuş kasset qurğusu.

• Kude fokusu. Ekvivalent fokus məsafəsi -72 000mm. İşıq qüvvəsi-1:36. Miqyas - 3″/mm. Cihazları: ayırdetmə qabiliyyəti R=30 000 olan Eşelle-spektroqraf, 63.5° -lik Eşelle-qəfəslə  ayırdetmə qabiliyyəti R=95000 və 190000, 80°-lik Eşelle qəfəslə R=260000 və R=530000 olan, 4000x4000 piksel CCD ilə təmin olunmuş ifrat yüksək ayırdetməli 3-kameralı (F=350mm, F=700mm, F=1400mm), 2 Eşelle qəfəsli (γ=63.5°, γ=80°) universal Kude-Eşelle spektroqraf.

• İşıq qəbulediciləri: 1. Ölçüləri 530x580 piksel (1pix=18x24 mik.) olan maye azotla soyudulan CCD kamera. 2. Ölçüləri 4000x4000 piksel (1 pix=15 mik.) olan maye azotla soyudulan CCD kamera.3. Elektron soyudulan, ölçüləri 3056x3056 piksel (1pix=12 mik.) olan CCD kamera. 4. Elektron soyudulan, ölçüləri 1024x1536 piksel (1pix=9 mik.) olan CCD kamera. 

• Teleskop “Zeiss-600”. Almaniyanın “Carl Zeiss JENA” firmasının istehsalıdır. 1982-ci ildə quraşdırılıb istifadəyə verilmişdir. Teleskopdan ulduz və qalaktikaların fotometrik tədqiqatları üçün istifadə olunur. Əsas güzgü parabolikdir və diametri 600 mm fokus məsafəsi 2400 mm-dir; Kasseqren sisteminin fokus məsafəsi 7500 mm-dir. Miqyas 28″/mm. Teleskopda müşahidələr uzun müddt elektrofotometr vasitəsiilə aparılmış, hal-hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Zeiss-600 teleskopunun optik sisteminə uyğun hazırlanmış, beynəlxalq fotometrik sistemin filtr dəsti (B,V,Rc,R,J) təchiz olunmuş çoxfunksiyalı fotometr polyarimetr (faydalı sahə 17) vasitəsilə aparılır. İşıq qəbuledicisi kimi ölçüləri 4000x4000 piksel (1pix=9 mik) olan FLİ firmasının CCD kamerasından (elektron soyudulma) istifadə olunur. Son illərdə teleskopda  orta  (UX Ori tipli ulduzlar) və böyük (Wolf-Raye tipli ulduzlar)  kütləli cavan ulduzların və müxtəlif  tipli qalaktikaların CCD fotometriyası aparılmış, onların 1000-dən artıq çoxrəngli rəqəmli təsvirləri alınmışdır.

• Teleskop “AZT-8”.Teleskop1970-ci ildə quraşdırılmışdır. Əsas güzgü parabolikdir və diametri 700 mm, fokus məsafəsi 2820 mm-dir. Birinci Kasseqren sisteminin fokus məsafəsi 11 200 mm və  işıq qüvvəsi 1:16 və görüş sahəsi 40', miqyas 18″/mm. İkinci Kasseqren sisteminin fokus məsafəsi 28 000 mm, görüş sahəsi isə 18', miqyas 7″/mm, işıq qüvvəsi  1:40-dır. Teleskop ulduzların və qalaktikaların fotometrik müşahidələri üçün 5 filtrli CCD fotometr (görüş sahəsi 8 arcmin.) ilə, parlaq ulduzların spektrini almaq üçün isə 30 Å/mm dispersiyaya malik ASP-21 spektroqrafı ilə təchiz edilmişdir. Teleskop səma cisimlərinin fotoelektrik, polyarimetrik və spektral müşahidələr üçün nəzərdə tutulur.

• Menisk teleskopu “AST-452”. Fotoqrafik müşahidələr üçün nəzərdə tutulmuşdur və  Maksutovun güzgülü teleskop sistemidir. 1964 –cü ildə quraşdırılmışdır. Optik sxemi klassik optik menisk sistemidir və D.D. Maksutov tərəfindən işlənmişdir. Teleskop çox kompakt və qapalı olduğuna görə teleskopda alınan təsvir çox keyfiyyətli olur. Teleskop Kazanın optik-mexaniki zavodunda xüsusi sifarişlə hazırlanmışdır.

Teleskop  menisk linzası, sferik fokal səthi müstəvi səthə çevirən linza və sındırma bucaqları 15° və 35°40' 2 ədəd obyektiv prizması ilə təmin olunmuşdur. Bunlar ultrabənövşəyi şüşədən hazırlandığına  görə  spektral və fotometrik müşahidələri yaxın ultrabınövşəyi (3400 Å) oblasta qədər aparmaq olur. Aperturanın- menisk linzasının diametri 350 mm, güzgünün diametri 490 mm, teleskopun fokus məsafəsi 1200 mm təşkil edir. Teleskopun fokal səthində miqyas 2.86′/mm. Teleskopun işıq qüvvəsi 1:3.4. Teleskop 2 optik sistemdə: baş və nyuton fokuslarında işləyə bilir. Baş fokusda görüş sahəsi  4°14', sahənin xətti ölçüsü 90 mm, Nyuton fokusunda  isə uyğun olaraq 2°52' və 60 mm.

Teleskop ulduz topalarının spektral təsnifatının aparılması və fotometriyası, yeni və ifrat yeni ukduzların, komet və asteroidlərin axtarışı üçün əvəssizdir.

• Azimutal Selostat Qurğusu “ASQ-5” (Üfiqi  günəş teleskopu). Teleskop 1963-cü ildə quraşdırılmışdır. Günəşin spektral və fotometrik tədqiqi üçün istifadə olunur. Onun selostat, əlavə və baş güzgülərinin diametri 440 mm, nyuton güzgüsünün diametri 200 mm, Nyuton sisteminin fokus məsafəsi 17500 mm, Kasseqren sisteminin fokus məsafəsi 60540 mm-dir. Baş və həm də Kasseqren fokuslarında birbaşa fotoqrafiya üçün teleskop iki kamera ilə təchiz olunmuşdur. Nyuton fokusundan spektral və maqnit müşahidələr üçün istifadə olunur. Teleskop avtokollimasiya rejimində işləyən (fokus məsafəsi 7000 mm) ASP-20 spektroqrafı ilə təchiz olunmuşdur. Difraksiya qəfəsinin ölçüsü 150x120 mm2, ştrixlərinin sıxlığı 600 şt/mm-dir. Ikinci spektral tərtibdə dispersiya 1.12

Anqstrem/mm və spektral diapozon 360 Å, xəyalın diametri 160 mm-dir və bu spektroqrafdan Günəş alışmalarının spektrlərini, Günəş ləkələrinin vizual ölçüsünü, Günəş tacının və spikulların inkişaf dinamikasını və Günəşin spectral xətlərinin quruluşunu tədqiq etmək üçün istifadə olunur.

• Xromosfer fotosfer teleskopu AFR - 3. Teleskop 1957-ci ildə quraşdırılmışdır. Teleskopdan 35 ildən çox Günəşin patrul müşahidələri üçün istifadə olunmuşdur. Fotosfer borusunun obyektivinin diametri 200 mm və ekvivalent fokus məsafəsi 9000 mm, xromosfer borusunun diametri 130 mm və fokus məsafəsi 6000 və 2000 mm; xəyalın deameteri 100 mm-dir. İnterferensiya polyarizasya süzgəcinin (buraxma zolağının eni 0,5 Å)  köməkliyi ilə Günəş xromosferinin və digər aktiv törəmələrin patrul müşahidəsi həyata keçirilmişdir. Fotosfer borusunun köməyi ilə Günəş fotosferi müşahidə edilmişdir.

• B-240 vakuum qurğusu. 1986-cı ildə astronomik  güzgülərin səthinin alüminumləşdirilməsi üçün Almaniyadan alınmışdır. 2005-ci ildə modernləşdirilməsi üçün Almaniyaya göndərilmiş və 2007 –ci ildə quraşdırılıb istifadəyə verilib.

• B-240 Vakuum alüminumləşdirici qurğusu. 2008-ci ildə quraşdırılıb.

ŞAR-nın 2-m teleskopunda istifadə olunan işıqqəbuledicilərinin soyudulması üçün maye azot istehsal edən qurğu.

• VLF - Very low Frequency - Çox Alçaq Tezlikli radio qəbuledici. 2008 ci ildə Stanford Universiteti ilə birgə əməkdalıq nəticəsi olaraq təmənnasız verilmişdir və beynəlxalq şəbəkəyə qoşulmuşdur. Alınan verilənlər bazası kəsilməz olaraq Stanford universitetinə göndərilir. Məqsədi -Atmosfer(ildrım çaxmalar və s. ) və İonosfer hadisələrinin o cümlədən Günəş fəallığının ionosferə təsirin öyrənmək.

• SuperSİD. Qəfil ionsofer hadisələrini eyni zamanda Günəş alışmalarını izləmək üçün cihaz.

 

 

Xəbərlər Elanlar