Dissertasiyaların tərtibi qaydaları 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş, 7 may 2021-ci il tarixli qərarı ilə əlavə və dəyişiliklər edilmişdir


1. Ümumi müddəalar
1.1. “Dissertasiyanın tərtibi Qaydası” (bundan sonra - Qayda) Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 3.13-cü bəndinə uyğun hazırlanmışdır.
1.2. Dissertasiyanın mətni A4 formatında, səhifədə soldan – 30 mm, sağdan – 10 mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla, Azərbaycan dilində latın, rus dilində kiril və ingilis dilində ingilis (ABŞ) əlifbası, “Times New Roman” 14 şrifti ilə 1,5 sətirarası intervalla qara rənglə yazılır.
1.3. Dissertasiyanın struktur bölmələrinin adları böyük hərflərlə, tünd qara rənglə yazılır.
1.4. Dissertasiyada şəkillər, cədvəllər, qrafiklər rəngli, A3 (297 mm x 420 mm) formatında verilə bilər və hər bir A3 formatlı səhifə bir səhifə kimi qəbul edilir.
1.5. Dissertasiyanın titul səhifəsi nömrələnmir, növbəti səhifəsi “2” rəqəmindən başlayaraq, digər bütün səhifələri (dissertasiyanın struktur bölmələri, o cümlədən istifadə olunmuş ədəbiyyat siyahısı, əlavələr) ərəb rəqəmləri ilə ardıcıl nömrələnir.
1.6. Dissertasiya səhifələrinin sıra nömrəsi hər bir səhifənin aşağı hissəsində, boş sahənin sağında yazılır.
1.7. Dissertasiya çoxcildli olduqda hər bir cildin ayrıca titul səhifəsi olmalı və digər səhifələri bu Qaydanın 1.5-ci bəndinin tələblərinə uyğun nömrələnməlidir.
1.8. Fəlsəfə doktoru dissertasiyası A4 formatında, həcmi iki yüz – iki yüz qırx min işarə (mətndəki boşluqlar və şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə), elmlər doktoru dissertasiyası A4 formatında, həcmi dörd yüz – dörd yüz qırx min işarə (mətndəki boşluqlar və şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi iyirmi faizədək artıq, dəqiq və təbiət elmləri üzrə iyirmi faizədək az ola bilər.
1.9. Dissertasiyanın bir səhifəsində yazılan işarələrin sayını kompüter vasitəsilə dəqiq müəyyən etmək mümkün olmadıqda, bir səhifədə yazılan mətn iki min işarəyə bərabər tutulur.
1.10. Dissertasiyada istifadə edilən iqtibaslar (sitatlar) dırnaq işarəsindən istifadə edilməklə kursivlə verilir.
1.11. Dissertasiyanın yazılışı zamanı iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir. Mətndəki istinaddan sonra kvadrat mötərizədə əsərin ədəbiyyat siyahısındakı nömrəsi, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) verilir. Məsələn, [54, s.162], [155, c.2, s.82-83], [54, s.162; s.23], və s.
1.12. Dissertasiyanın mətnində iddiaçı tərəfindən alınmış hər bir nəticənin onun hansı əsərində çap olunduğuna dair istinad verilməsi tövsiyə olunur.
1.13. Dissertasiyanın mətni 80 qr/m2 A4 (210 mm x 297 mm) formatında ağ kağızın bir üzündə çap edilir.
1.14. Dissertasiyanın mətnindəki bütün məlumatlar aydın görünməlidir.
1.15. Dissertasiya işi tikilir və qalın üz qabığında təqdim edilir.
2. Dissertasiyanın strukturu
Dissertasiya tərtib edilərkən onun strukturunda aşağıdakı ardıcıllıq gözlənilməlidir:
- Titul səhifəsi;
- Mündəricat;
- Giriş;
- Dissertasiyanın əsas məzmunu (fəsil, paraqraf, bənd);
- Nəticə;
- İstifadə edilmiş ədəbiyyat siyahısı;
- Əlavələr;
- İxtisarların və şərti işarələrin siyahısı (dissertasiyada olduqda).
2.1. Titul səhifəsi
Dissertasiyanın titul səhifəsi “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”ın əlavələrinə (Əlavə 1.3Əlavə 1.3.1) uyğun tərtib edilir.
2.2. Mündəricat
2.2.1. Mündəricatda “Mündəricat” sözü başlıq kimi göstərilir və nömrələnmir.
2.2.2. Mündəricatda dissertasiyanın struktur bölmələrinin adları və onların başlanğıc səhifəsinin nömrələri əks olunur.
2.2.3. Çoxcildli dissertasiyalarda mündəricat birinci cilddə verilir.
2.2.4. Dissertasiyanın struktur bölmələrinin mündəricatdakı adları ilə mətndəki adları eyni olmalıdır.
2.3. Giriş
2.3.1. Girişdə “Giriş” sözü başlıq kimi göstərilir və nömrələnmir.
2.3.2. Dissertasiyanın girişində aşağıda qeyd olunan yarımbaşlıqlar tünd qara rənglə yazılmalı və abzasdan başlanmalıdır:
- Mövzunun aktuallığı və işlənmə dərəcəsi;
- Tədqiqatın obyekti və predmeti;
- Tədqiqatın məqsəd və vəzifələri;
- Tədqiqat metodları;
- Müdafiəyə çıxarılan əsas müddəalar;
- Tədqiqatın elmi yeniliyi;
- Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti;
- Aprobasiyası və tətbiqi;
- Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı;
- Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi qeyd olunmaqla dissertasiyanın işarə ilə ümumi həcmi.
2.4. Dissertasiyanın əsas məzmunu (fəsil, paraqraf, bənd)
2.4.1. Dissertasiyanın əsas məzmunu fəsillərə və paraqraflara bölünür. Dissertasi-yanın paraqrafları bəndlərə də bölünə bilər.
2.4.2. Dissertasiyanın hər bir fəsli rum rəqəmi ilə nömrələnir. Məsələn, I Fəsil; II Fəsil və s.
2.4.3. Dissertasiyanın fəsilləri yeni səhifədən başlanmalıdır.
2.4.4. Fəsillər daxilində paraqraflar ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir. Paraqrafın nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və paraqrafın nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur. Məsələn, 2.5. – yəni ikinci fəslin beşinci paraqrafı.
2.4.5. Paraqraf daxilində bəndlər olduqda onlar ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir. Bəndin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqafın və bəndin nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur. Məsələn, 2.5.1. – yəni ikinci fəslin beşinci paraqrafının birinci bəndi.
2.4.6. Fəsillərin adları mətndən üç intervalla, paraqraf adları isə mətndən iki intervalla ayrılır.
2.4.7. Fəsillərin adları mətnə simmetrik şəkildə, böyük hərflərlə, tünd qara rənglə, paraqrafların adları isə abzasdan sətri hərflərlə (birinci hərf istisna olmaqla) tünd qara rənglə yazılmalıdır.
2.4.8. Fəsillərin adlarının yazılışında sözlərin hecalara bölünərək sətirdən-sətrə keçirilməsinə yol verilmir. Fəsil və paraqrafların adlarının altından xətt çəkilmir və sonunda nöqtə qoyulmur.
2.4.9. Fəsil və paraqrafların adları iki və ya daha çox сümlədən ibarət olduqda, onların arasında nöqtə qoyulur.
2.5. Nəticə
2.5.1. Nəticədə “Nəticə” sözü başlıq kimi göstərilir və nömrələnmir.
2.5.2. Nəticədə əsas elmi yeniliklər göstərilməklə onların əhəmiyyəti əsaslandırılmalıdır.
2.5.3. Tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının əldə etdiyi elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrdən istifadə ilə əlaqədar tövsiyələr göstərilməlidir.
2.6. İstifadə edilmiş ədəbiyyat siyahısı
2.6.1. İstifadə edilmiş ədəbiyyat siyahısında “İstifadə edilmiş ədəbiyyat siyahısı” sözləri başlıq kimi göstərilir və nömrələnmir.
2.6.2. İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə türk, rus, ingilis, fransız, alman, ərəb və s. dillərdə olan mənbələr hər bir dilə uyğun əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir.
2.6.3. İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş ədəbiyyatlar öz əksini tapmalıdır.
2.6.4. Biblioqrafik məlumatlar əlifba sırası ilə müəllifin soyadı, adı, atasının adı və ya nəşrin adı ilə verilir.
2.6.5. Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti işarələrdən istifadə edilir:
. nöqtə
, vergül
- defis
– tire
: qoşa nöqtə
/ çəpəki xətt
// qoşa çəpəki xətt
( ) mötərizə
[ ] kvadrat mötərizə
2.6.6. İstifadə edilmiş ədəbiyyat siyahısında ədəbiyyatın biblioqrafik təsviri bu Qaydaya Əlavə 4.1 ilə nəzərdə tutulan nümunələrə uyğun tərtib edilir.
2.7. Əlavələr
2.7.1. Əlavələrdə “Əlavələr” sözü başlıq kimi göstərilir və nömrələnmir.
2.7.2. Əlavələr ümumi işin davamı kimi səhifələnməlidir.
2.7.3. Əlavələr müstəqil cild şəklində də verilə bilər. Əlavələr müstəqil cild olduqda titul səhifəsi olmalı və ayrıca nömrələnməlidir.
2.7.4. Əlavələr “Times New Roman” 12 şrifti ilə 1,0 sətirarası intervalla yazılır.
2.7.5. Dissertasiyanın mətnində bütün əlavələrə istinad edilməlidir.
2.8. Şəkillər
2.8.1. Şəkillər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.
2.8.2. Şəkillər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.
2.8.3. Dissertasiyada şəkillər ardıcıl nömrələnir.
2.8.4. Dissertasiyada bir şəkil olduqda, o nömrələnmir, “Şəkil” sözü və şəklin adı yazılır.
2.8.5. “Şəkil” sözü, onun nömrəsi və adı şəklin altında yazılır. “Şəkil” sözü və şəklin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Şəkillərin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və şəklin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Şəkil 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü şəkli.
2.8.6. Dissertasiyaya daxil edilən şəkillər keyfiyyətli olmalıdır.
2.8.7. Dissertasiyada kompüter qrafikası ilə yerinə yetirilmiş şəkillərdən və orijinal fotolardan istifadə etmək olar.
2.8.8. A4 formatından kiçik olan fotolar standart ağ vərəqə yapışdırılmalıdır.
2.8.9. Qeyri-standart ölçülü şəkillər qatlandıqdan sonra А4 formatına uyğun olmalıdır.
2.8.10. Dissertasiyanın mətnində olan şəkillərin hər birinə istinad edilir.
2.9. Cədvəllər
2.9.1. Cədvəllər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.
2.9.2. Cədvəllər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdən sonra onları rahat oxumaq mümkün olsun.
2.9.3. Dissertasiyada cədvəllər ardıcıl nömrələnir.
2.9.4. Dissertasiyada bir cədvəl olduqda, o nömrələnmir, “Cədvəl” sözü və cədvəlin adı yazılır.
2.9.5. “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə sağ küncdə yazılır. “Cədvəl” sözü və cədvəlin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və cədvəlin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Cədvəl 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü cədvəli.
2.9.6. Cədvəl iki və daha çox səhifədə yerləşdikdə, “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə yuxarı sağ hissədə bir dəfə göstərilir. Cədvəlin qalan hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. Dissertasiyada bir neçə cədvəl olduqda “ardı” sözünün qarşısında “Cədvəl” sözü, onun nömrəsi qeyd edilir. Məsələn, Cədvəl 1.2.3-ün ardı.
2.9.7. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə səhifədə yerləşdirdikdə sətirlərdəki bütövlük gözlənilməlidir.
2.9.8. Dissertasiyanın mətnində olan cədvəllərin hər birinə istinad edilir.
2.10. Qrafiklər
2.10.1. Qrafiklər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.
2.10.2. Qrafiklər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.
2.10.3. Dissertasiyada qrafiklər ardıcıl nömrələnir.
2.10.4. Dissertasiyada bir qrafik olduqda, o nömrələnmir, “Qrafik” sözü və qrafikin adı yazılır.
2.10.5. “Qrafik” sözü, onun nömrəsi və adı qrafikin altında yazılır. “Qrafik” sözü və qrafikin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Qrafiklərin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və qrafikin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Qrafik 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü qrafiki.
2.10.6. Dissertasiyanın mətnində olan qrafiklərin hər birinə istinad edilir.
2.11. Formullar (tənliklər)
2.11.1.Dissertasiyanın mətnində formulların (tənliklərin) sayı birdən çox olduqda ardıcıl nömrələnir.
2.11.2. Formulların (tənliklərin) nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və formulun ardıcıl nömrələrindən ibarətdir.
2.11.3. Formulların (tənliklərin) nömrəsi onunla bir səviyyədə səhifənin sağ tərəfində mötərizənin içində yazılır. Məsələn, (3.1.2) – yəni, üçüncü fəslinbirinci paraqrafının ikinci formulu (tənliyi).
2.11.4. Formulda (tənlikdə) rast gəlinən simvolların mənası və ədədi əmsalların izahı, onların formuldakı (tənlikdəki) yerləşmə ardıcıllığı nəzərə alınraq, dissertasiyanın mətnində formuldan (tənlikdən) sonra və ya bilavasitə formulun (tənliyin) altında verilir. İzahatın birinci sətri “burada” sözündən başlamalıdır. Hər bir simvolun mənası və ədədi əmsalın izahı yeni sətirdə yerləşdirilir.
2.11.5. Formullar (tənliklər) mətndən intervalla ayrılır. Hər formulun üstündə və altında bir, zəruri hallarda isə iki interval saxlanılır. Formul (tənlik) bir sətrə yerləşmədikdə, onun ardı bərabərlik (=) və ya üstəgəl (+), çıxma (-), vurma (x), bölmə (:) işarələrinin hər hansı birindən sonra yeni sətrə keçirilir. Bu halda növbəti sətrin başlanğıcında müvafiq işarə təkrar yazılır.
2.12. İxtisarlar və şərti işarələr
2.12.1. Dissertasiyada geniş yayılmamış ixtisarlardan, şərti işarələrdən, spesifik terminlərdən, yeni simvollardan və s. istifadə edildikdə bu barədə müvafiq izahatlardan ibarət siyahı verilir.
2.12.2. Siyahı sütun şəklində yazılır, sütunun sol tərəfində əlifba sırası ilə ixtisarlar, şərti işarələr, spesifik terminlər, simvollar, sağ tərəfində onun dəqiq açılışı və mənası verilir.
2.12.3. Dissertasiyada xüsusi ixtisarlar, şərti işarələr, spesifik terminlər, simvollar üç dəfədən az təkrar edildikdə siyahı tərtib edilmir, onların dəqiq açılışı və mənası mətndə birinci dəfə qeyd olunduğu yerdə verilir.

 

Xəbərlər Elanlar