“Elmin köməkçisi, elm ölkəsinin şahı. Dövrün anası hələ belə oğul doğmayıb”.
( Nəsirəddin Tusinin məzarı üzərində yazılıb )
Bütün şərqdə və Avropada məşhur olan Əbu Əli ibn Sina, Bəhmənyar, Ömər Xəyyam, Əbu Reyhan Biruni, Nizami Gəncəvi və başqa şəxsiyyətlər ilə bir sırada dayanan xalqımızın böyük oğlu, orta əsrlərin görkəmli astronomu, riyaziyyatçısı, filosofu və dövlət xadimi Məhəmməd Nəsirəddin Tusi 1201-ci il fevralın 17-də Cənubi Azərbaycanın Həmədan şəhərində anadan olmuşdur. İlk təhsilini alan Nəsirəddin sonralar dövrünün ən şöhrətli müəllimi hesab edilən Fəridəddin Damadın yanında oxumağa başlamışdır. O, İbn Sina məktəbinin yetişdirməsi idi və bu xətt Tusi yaracılığında öz izlərini qoymuşdur. Gənclik illərini Xorasanın ən böyük mədəniyyət mərkəzlərindən biri sayılan Tus şəhərində keçirən Nəsirəddin, bu şəhərin şərəfinə Tusi ləqəbini götürmüşdü.
N.Tusi otuz yaşına çatan zaman Qəhistan hakimi Nəsirəddin Möhtəşəm tərəfindən fəxri qonaq kimi qəbul olunmuşdu. Burada N.Tusiyə Məmun Akademiyasının alimi (özündən iki əsr əvvəl yaşamış) Əbu Əli Miskaihin ”Təkzibül-əxlaq” (“Əxlaq təmizliyi”) əsərini ərəbcədən fars dilinə tərcümə etmək təklif edilmişdir. N.Tusi bu təklifdən müdrikliklə imtina etmiş və bütün şərqdə tezliklə şöhrət qazanmış özünün “Əxlaqi Nasiri”(1235) əsərini yaradaraq ona ithaf etmişdir.
Bu əsər yazılandan bir qədər sonra N.Tusi həbs edilərək Ələmut qalasına göndərilir və o, burada 1256-cı ilə qədər saxlanılır. Bu dövrdə N.Tusi “Şərhül işarət”,“Təhrir Məcəsti”,“Təhrir Öqlidis” kimi qiymətli əsərlərini yaratmışdır. ”Təhrir Öqlidis” (“Evklidin şərhi”) əsəri həndəsi fikrin inkişafına çox böyük təsir göstərmiş və gələcəkdə qeyri-evklid həndəsələrinin və Lobaçeviski həndəsəsinin kəşfinə zəmin yaratmışdır.
Ələmut qalası Hülakü xan tərəfindən alındıqdan sonra (1256-cı ilin noyabrı) N.Tusi azad edilir və xan onu özünə məsləhətçi təyin edir. Dərin biliyə və yüksək insani xüsusiyyətlərə malik N.Tusi Hülakü xana rəsədxana tikilməsinin vacibliyini ustalıqla anlada bilir və Marağa rəsədxanasının təsisi üçün razılıq alır. Marağa şəhərinin ətrafı təbii ehtiyyatlarla zəngin, havası isə saf və şəffafdır. Bu cəhətdən Marağa şəhəri astronomik müşahidələr üçün çox əlverişli idi.
Marağa rəsədxanasından 200 il əvvəl Ürgəcdə, Reydə rəsədxanalar olmuşdur. Lakin bu rəsədxanalarda aparılan müşahidələr müntəzəm deyildir və vahid proqramı yox idi. N.Tusi bir çox astronomik kəmiyyətlərin qiymətlərinin yenidən təyin olunması üçün vahid proqramı, müntəzəm müşahidə aparılan və daha yüksək dəqiqliyə malik olan rəsədxana yaratmağı qarşısına məqsəd qoymuşdur.
Rəsədxananın tikintisinə 1259-cu ildə başlanmış və inşaat işləri 12 il davam etmişdir. Bütün tikinti işlərinə N.Tusi özü rəhbərlik etmişdir.
N.Tusi təkcə rəsədxananın banisi və orada aparılmış müşahidələrin rəhbəri deyil, həmçinin rəsədxananın özünün memarlıq inşaat layihəsinin müəllifi olmuşdur. Bu onu göstərir ki, hələ orta əsr Azərbaycanında riyazi elmlərlə memarlıq arasında sıx əlaqə olmuşdur.
N.Tusi 15 il müxtəlif millətlərin nümayəndələrinin çalışdığı Marağa rəsədxanasının rəhbəri olmuş və bu dövrdə çox mühüm elmi əsərlər yaratmışdır. Bunların sırasında astronomiya, triqonometriya və hesabın inkişafı tarixində çox dəyərli sayılan “Zic Elxani”, “ Şəklül-qita” və “Cəme-ül-hesab” əsərləri xüsusi yer tutur.
Qeyd edək ki, “Zic Elxani”(Elxan cədvəlləri) əsəri Marağa rəsədxanası kollektivinin 12 illik gərgin əməyi nəticəsində tərtib edilmiş astronomik katoloqdur. Bu Uluqbəyin rəsədxanası tikilənədək 200 il ərzində yeganə astronomik katoloq olmuşdur. Astronomlar e f e m e r i d tərtib edərkən lazım olan bütün astronomik məlumatı bu katoloqdan almışlar.
“Şəklül-qita” (Tam dördtərəfli haqqında əsər) əsəri sayəsində müstəvi və sferik triqonometriya müstəqil riyaziyyat fənni olmuşdur. Bu əsərdə ilk dəfə olaraq sferik polyar üçbucaq haqqında anlayış verilir. Ay, Günəş və başqa planetlərin (o vaxtlar geosentrik sistemdə Ay və Günəş planet hesab edilirdi) cazibəsi nəticəsində Yerin presessiyasının dəqiq qiyməti, Günəşin zahiri orta sutkaliq sürüşməsi, Ay və Günəş tutulmalarının cədvəlləri, 256 yaşayış məntəqəsinin coğrafi koordinatlarını müəyyən etmək, yeni torpaqların olması haqqında dəyərli elmi məlumatlar N.Tusi və onun rəhbərlik etdiyi Marağa rəsədxanasının əməkdaşlarının nailiyyətləridir. N.Tusi yüz il ərzində yaz bərabərliyi nöqtəsinin, göy sferində əsas nöqtələrin 123 dərəcə sürüşdüyünü göstərmiş və təqvimin quruluşunu tədqiq etmişdir.
N.Tusi yalnız təbiətşunaslıq sahəsində deyil, həmçinin hümanitar elmlər, fəlsəfə və iqtisadiyyat sahəsində də zəngin irs qoyub getmişdir. Onun əsərləri sırasında “Maliyyət barəsində” adlı qiymətli və orijinal əsəri zəmanəmizə qədər gəlib çatmışdır. Bəzi mənbələrdə təsadüf edilən “Saqinamə”, rübai, qitə və.s şeirləri onun ədəbiyyat və poeziya aləmində də böyük istedada malik olduğunu göstərir. Maraqlıdır ki, məhz “Şərhi təqvim” və “İxtiyarati-Seyrul-Qəmər” kimi astronomiyaya dair iki mühüm əsərini nəzmlə yazmışdır.
N.Tusinin əsərləri sırasında “Cəvahirnamə” və ya “Təşəvvüqnamə” adı ilə məşhur olan bir kitab da diqqəti cəlb edir. Kitab qiymətli daşlardan, ətirli üzvi birləşmələrdən və hətta dəyirman əhəmiyyətli bitkilərdən bəhs edən 26 fəsildən ibarətdir.
Bütün bu əsərlərlə yanaşı, N.Tusinin ”Hesablama məcmusu”, “Təqvimlər haqqında”, “Astronomiya xatirələri”, “Apolloninin konus kəsikləri”, “Həndəsə qaydaları”, “İşarələrin şərhi”, “Kainatın əbədiliyi və sonsuzluğu” və.s kitabları da vardır.
N.Tusinin qabaqcıl tədqiqatçısı Şamaxı Astrofizika Rəsədxanasının yaranmasında, respublikamızda astronomiya elminin inkişafında və astronomik kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuş fizika-riyaziyyat elmləri doktoru mərhum H.C.Məmmədbəyli yazırdı ki, Marağa rəsədxanası öz dövründə ona görə çox məşhur idi ki, orada son dərəcə dəqiq ölçmələr aparılırdı.
N.Tusinin əsərlərindən Qərb alimləri öz tədqiqat işlərində çox bəhrələnmişlər.
Qeyd edək ki, N.Kopernik öz heliosentrik nəzəriyyəsini yaradarkən Tusinin isbat etdiyi dairələr haqqında teoremdən daha çox istifadə etmişdir. Yeni yaşayış yerlərini aşkar etmək arzusu ilə səyahətə çıxan X.Kolumbun gündəliyində onun N.Tusinin 256 məntəqə üçün tərtib etdiyi coğrafi koordinatlardan ibarət cədvəlindən çox ustalıqla istifadə etdiyi məlum olur.
Danimarkalı Tixo Brahenin rəsədxanasında olan bir neçə cihazın eynilə Marağa rəsədxanasındakı cihazlar olması sübut edilmişdir. Bu günə kimi Drezden qalareyasında saxlanılan u l d u z q l o b u s u Marağa rəsədxanasının cihazıdır.
Çində rəsədxana tikilməsi məsələsi ortaya çıxarkən N.Tusinin oraya aparılması üçün Hülakü xana müraciət olunur.
N.Tusinin riyaziyyata dair kitabları, xüsusilə “Təhrir Öqlidis” Qərbi Avropada məşhur alimlərin, o cümlədən Nyutonun müəllimi Con Vallisin Oksford Universitetində uzun müddət mühazirə kitabı olmuşdur.
N.Tusi rəsədxana işləri ilə əlaqədar olaraq Abaqa xanla birlikdə Bağdada gəlmiş və 25 iyun 1274-cü ildə orada xəstələnib vəfat etmişdir.
N.Tusi və onun təşkil etdiyi yaradıcı kollektiv orta əsrlərdə astronomiya, riyaziyyat, fizika, fəlsəfə, tibb, poeziya nəzəriyyəsi, məntiq, əxlaq, memarlıq, coğrafiya kimi elm sahələrinə aid yüzdən artıq kitab yazmışlar. N.Tusinin demək olar ki, bütün əsərləri bizim dövrümüzə qədər qorunub saxlanmışdır. Onun əsərlərinin çap edilmiş nüsxələri və əlyazmaları keçmış Sovet İttifaqının (Moskva, S.Peterburq, Kazan, Daşkənd, Düşənbə, Bakı və.s) və bir çox xarici ölkələrin (İran, Türkiyə, Ərəbistan, Misir, Hindistan, Almaniya, Avstriya, Fransa, Belçika, Britaniya və.s) böyük kitabxanalarında vardır.
N.Tusinin məntiq və hikmətə dair “Asas-ül-iqtibas” əsərinin müqəddiməsində Rudəvi ona məxsus mübahisə doğurmayan 113 əsərin və bundan əlavə 11 mübahisəli əsərin olması barədə məlumat verir.