Struktur bölmənin adı: “Astronomik cihazlar və İnnovativ texnologiyalar” şöbəsi
Telefon: (+994 2026) 61019, (+994 50) 411 54 34
Elektron poçt: abbas-43@bk.ru
Struktur bölmənin rəhbəri: Abbas Süleyman oğlu İsmayılov
Əməkdaşların ümumi sayı: 11
“Astronomik cihazlar və İnnovativ texnologiyalar” şöbəsinin əsas fəaliyyət istiqamətləri haqqında qısa məlumat
Şöbə əsasən iki istiqamət üzrə fəaliyyət göstərir:
Ι. ŞAR teleskoplarının müşahidələrə hazırlanması.
ΙΙ. Astronomik cihazqayırma və innovativ texnologiyaların astronomik müşahidələrə tətbiqi.
—ŞAR-ın teleskoplarının müşahidələrə hazırlanması üzrə əsas nəticələr:
• 1997-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 6 il (1992-1997) fəaliyyətsiz qalmış 2 metrlik teleskopu təmir olunub işə salınmışdır.
• Teleskoplar, o cümlədən astronomik cihazlar və CCD işıq qəbulediciləri müşahidələrə hazırlanmış, müşahidələrdə iştirakı təmin edilmış, profilaktik işlər aparılmış, maye azotun alınması, yeni avadanlıqların mənimsənilməsi və işlədilməsi həyata keçirilmişdir.
—Astronomik cihazqayırma və innovativ texnologiyaların astronomik müşahidələrə tətbiqi üzrə əsas nəticələr:
• 1998-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 6 il (1992-1997) fəaliyyətsiz qalmış 2-metrlik teleskopu təmir olunub işə salınmışdır. Rəsədxana tarixində ilk dəfə olaraq müasir rəqəmsal işıq qəbulediciləri tətbiq etməklə teleskopun kude fokusunda ayırdetmə qabiliyyəti R=30000 olan eşelle spektrometr + CCD sistemi quraşdırılmışdır. Bu eşelle spektrometrdə 1998-2001–ci illər ərzində müxtəlif tip ulduzların 1007 spektri alınmışdır (Foto-1).
• 2003-2004-cü illərdə 2 metrlik teleskopun Kasseqren fokusu üçün ayırdetmə qabiliyyəti R=14 000 olan Kasseqren-eşellenspektrometri hazırlanmışdır. Kasseqren-eşelle spektrometri vasitəsi ilə müxtəlif ulduzların 2003-2016 illər ərzində 7134 spektri alınmışdır (Foto-2).
• 2005-ci ildə 2 metrlik teleskopun Kasseqren fokusu üçün ayırdetmə qabiliyyəti R=24000 olan 2-ci Kasseqren eşelle spektrometri hazırlanmışdır (Foto-3).
• 2007-ci ildə 2 metrlik teleskopda fotoqrafik müşahidələr aparmaq üçün Kasseqren fokusu üçün CCD işıq qəbuledicisi teleskopun ştat kaset qurğusuna uyğunlaşdırılmışdır (Foto-4).
• 2008-ci ildə Seys-600 teleskopu üçün P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış UBVRJ CCD Fotometri Seyss-600 teleskopuna uyğunlaşdırılmışdır (Foto-5).
• 2009-11–ci illlərdə İfrat yüksək ayırdetmə qabiliyyəti R=60 000–400 000 olan universal kude-eşelle spektrometri hazırlanmışdır (Foto-6).
• 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi çərçivəsində alınmış LNP-20 tipli kriogen qurğusunun quraşdırılmasında iştirak edilmiş və maye azotun alınması prosesi mənimsənilmişdir (Foto-7).
• 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə (EİF-2011-1(3)-82/20/1) Seyss-600 teleskopu üçün görüş sahəsi 17 arcmin olan 5 filtirli fotometr-polyarimetri hazırlanmışdır (Foto-8).
• 2012-13-cü illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi çərçivəsində Çexiya Respublikasının “Project Soft” firması tərəfindən 2 metrlik teleskopun idarəetmə sisteminin avtomatlaşdırılması üçün texniki tapşırığın hazırlanması və bu prosesdə yaxından iştirak (Foto-9).
• 2013-cü ildə 2 metrlik, AZT-8, Seyss-600 teleskopların güzgüləri alüminiumləşdirilmiş və optik sazlama işləri görülmüşdür (Foto-10).
• 2013-cü ildə 2-metrlik teleskopda sinxron fotometrik və spektral müşahidələrin aparılması üçün 2-metrlik teleskopa bitişik 30 sm-lik linzalı teleskopu (Gid) üçün 5-filtirli CCD fotometri hazırlanmışdır (Foto-11).
• 2013-14-cü illərdə zəif ulduz və qalaktikaların spektrlərini almaq üçün 2 metrlik teleskopun Kasseqren fokusunun 2x2 prizmalı spektroqrafı, spektral müşahidələrdə CCD matris işıqqəbuledicisindən istifadə olunması məqsədilə modеrnləşdirilmışdir (Foto-12).
• 2014-15-ci illərdə Kasseqren fokusunda müşahidələrin izlənmə prosesini asanlaşdırmaq məqsədilə Kasseqren-eşelle və Kanberra spektroqraflarında yarığının xəyalını monitora ötürmək üçün optik hesablamalar aparılmış, obyektivlər seçilmiş və izləmə boruları seçilmiş obyektivlərlə əvəz olunmuşdu. Həmin obyektivlərə Şelyak firmasının istehsalı olan “WAT–120N+” tipli xüsusi CCD quraşdırırılmış, obyektin (ulduz, qalaktika və s.) xəyalı bir başa müşahidə otağına ötürülmüşdür (Foto-13).
• 2014-15-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi çərçivəsində alınmış Amerika istehsalı olan azotla soyudulan 4000x4000 piksel ölçülü CCD işıq qəbuledicisinin proqram təminatı yüklənmış və iş prinsipi mənimsənilmişdir (Foto-14).
• 2015-ci ildə Rusiya Elmlər Akademiyasının Xüsusi Astrofizika Rəsədxanasının əməkdaşları ilə birlikdə ŞAR-ın 2 metrlik teleskopunun Kasseqren və Kude fokusları üçün güzgülər və linzalar xüsusi metodla yuyulub təmizlənmiş, AMEA–nın maliyyə dəstəyi ilə alınmış ППС–11 tipli cihazı teleskopa bağlamaq üçün xüsusi qurğular hazırlanmış və həmin cihazın köməyi ilə Kasseqren və Kude fokusları üçün optik sazlama işləri görülmüşdür. Seyss-600 teleskopun güzgüləri yuyulmuş və ППС–11 cihazının köməyi ilə optik sazlama işləri aparılmışdır (Foto-15).
• 2015-16-ci illərdə AMEA–nın maliyyə dəstəyi ilə ŞAR-ın 2 metrlik teleskopunun Kasseqren fokusu üçün optik lifli Kasseqren eşelle spektroqrafı (Shamakhy Fiber echelle-spectrograph-ShaFES) quraşdırılmış və optik sazlama işləri başa çatdırılmışdır.
Bu spektroqrafın əhəmiyyəti və üstünlükləri aşağıdakılardan ibarətdir:
- Teleskopun kasseqren fokusunda səma cisimlərinin yüksək ayırdetməli spektrlərini almağa imkan verir. Spektroqraf iki rejimdə (Δλ/λ=56000 və 28000) işləyir və bir neçə saniyə müddətində bir rejimdən digərinə asanlıqla keçmək olur.
- Spektroqraf tərpənməz və qapalı olduğuna, həmçinin tədqiq olunan obyektin və kalibrovka lampalarının işığının eyni kanalla verildiyinə görə instrumental sürüşmələr olmur və spektral parametrlərin ölçmə dəqiqliyi çox yüksək olur (məsələn radial sürətlərdə bir neçə 50-100 m/s, ekvivalent eni 1-5 % dəqiqliklə təyin etməyə imkan verir).
- Spektroqrafda işıq qəbuledicisi kimi ölçüsü 4000 x 4000 piksel olan, maye azotla soyudulan böyük CCD kameranı istifadə etməyə və nəticədə spektrin çox geniş dalğa uzunluğu oblastını (λ9000-3600 Å) eyni zamanda -1 kadrda almaq mümkün olur.
- Spektroqrafda müşahidə zamanı 2 metrlik teleskopda ulduzun izlənmə prossesi avtomatlaşdırılıb və xəyal birbaşa olaraq müşahidə otağına ötürülür (Foto-16).