Hesab olunur ki, meteorlar parçalanmış kometlərin qalıqlarıdır və kometin orbiti boyunca topa şəklində hərəkət edirlər. Beynəlxalq Astronomiya Birliyi tərəfindən 900-dən çox meteor seli qeydə alınıb. Meteoridlər Yer atmosferini kəsib keçərək meteor yağışlarını yaradır. Onların səmada peyda olduğu nöqtə radiant adlanır və bəzi periodik meteor yağışları həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılıb. Periodik olaraq eyni vaxtda müşahidə olunan bu meteor yağışlarının 2024-cü il üçün müşahidə olunma ardıcıllığını təqdim edirik.
Kvadrantidlər (28 dekabr - 12 yanvar) – Meteor yağışının piki 4 yanvar 20:38-də başlayıb 5 yanvar 20:16-da bitəcək. Bu meteor yağışı zamanı saatda 110-dək meteor görmək mümkündür. Gecəyarısından sonra doğacaq Ayın işığı müşahidələrə mane olacaq. Hesab olunur ki, kvadrantidlər 2003-cü ildə kəşf olunmuş 2003EH1 kometinin qalıqlarıdır.
Liridlər (14 - 30 aprel)– Meteor yağışının piki 21 aprel 20:15 başlayıb 22 aprel 13:03-də bitəcək. Bu meteor yağışı zamanı saatda 20-dək meteor görmək mümkündür. Ay bədrlənmiş fazada olduğundan onun işığı müşahidələrə mane olacaq. Liridlər C/1861 G1 Thetçer kometi ilə assosiasiya olunur.
Eta Akvaridlər (19 aprel-28 may)– Meteor yağışının piki 6 may 02:13-də başlayıb 14:15-də bitəcək. Bu meteor yağışı zamanı saatda təxminən 50 meteor görmək mümkündür. Eta Akvaridlər Orionidlər kimi Halley kometinin qalıqlarından formalaşıb.
Delta Akvaridlər (12 iyul - 23 avqust)– Meteor yağışının piki 30 iyula uyğun gəlir. Bu meteor yağışı zamanı saatda təxminən 25 meteor görmək mümkündür.
Perseidlər (17 iyul-24 avqust)– Meteor yağışının piki 12-13 avqusta uyğun gəlir. Bu meteor yağışı zamanı saatda 100-dək meteor görmək mümkündür. Perseidlər 109P/Svift–Tatl kometi olə assosiasiya olunur.
Drakonidlər (6 - 10 oktyabr) – Meteor yağışının piki 8-9 oktyabra uyğun gəlir. Bu meteor yağışı zaman saatda təxminən 10 meteor görmək mümkündür. Ay meteor yağışının radiantına yaxın olduğundan, onun işığı müşahidələrə mane olacaq. Drakonidlər 21/P Cakobini-Zinner kometi ilə assosiasiya olunur.
Orionidlər (2 oktyabr – 7 noyabr) – Meteor yağışının piki 20 oktyabr 22:00-da başlayıb, 21 oktyabr 11:57-də bitəcək. Bu meteor yağışı zamanı saatda təxminən 20 meteor görmək mümkündür. Bədrlənmiş Ay meteor yağışının radiantına yaxın olduğundan müşahidələrə mane olacaq.
Leonidlər (6 - 30 noyabr) – Meteor yağışının piki 17 noyabr 23:34-də başlayıb, 18 noyabr 14:21-də bitəcək. Bu meteor yağışı zamanı saatda təxminən 10 meteor görmək mümkündür. Bədrlənmiş Ay meteor yağışının radiantına yaxın olduğundan müşahidələrə mane olacaq. Leonidlər 33 illik tsiklə malikdir. Bu zaman intensiv meteor seli müşahidə olunur. Leonidlər 55P/Temp-Tatl kometinin qalıqları hesab olunur.
Geminidlər (4 - 20 dekabr) – Meteor yağışının piki 18 dekabr 18:23-də başlayıb, 19 dekabr 10:53-də bitəcək. Bu meteor yağışı zamanı saatda 150-dək meteor görmək mümkündür..
Ursidlər (16 - 24 dekabr) – Meteor yağışının piki 22-23 dekabra uyğun gəlir. Bu meteor yağışı zaman saatda 10-dək meteor görmək mümkündür. Ursidlər 8P/Tatl kometi ilə assosiasiya olunur.