ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASININ ƏSAS ELMİ NAİLİYYƏTLƏRİ

Rəsədxananın fəaliyyəti dövründə  əməkdaşlar tərəfindən astronomiya üzrə 100-dən çox monoqrafiya, kitab, dərslik, kataloq, elmi-kütləvi kitablar yazılmış və nəşr edilmişdir. 40 illik tarixə malik olan “ŞAR-ın Sirkulyarı” jurnalının 120 nömrəsi çapdan çıxmışdır. 2006-cı ildən başlayaraq “Azərbaycan Astronomiya Jurnalı” nəşr olunmağa başlayır və 2013-cü ilədək jurnalın 26 sayı işıq üzü görüb. Bununla yanaşı, Rəsədxana ingilis dilində nəşr olunan beynəlxalq səviyyəli “Sun and Geosphere” jurnalının buraxılmasında da iştirak edir. ŞAR-ın mövcud olduğu dövr ərzində onun əməkdaşları xarici və yerli  jurnallarda 2500-dən artıq məqalə çap etdirməyə nail olmuşlar.

Şamaxı Astrofizika Rəsədxanasında bir sıra beynəlxalq və respublika səviyyəli simpozium və konfranslar keçirilmişdir. Bunların arasında Beynəlxalq Astronavtika Federasiyasının konqresini (1972), maqnit ulduzların tədqiqinə həsr olunmuş konfranslar (1973, 1976), SSRİ EA Astronomiya Şurasının plenumu (1984), “Tusi-800” Məclisləri (1998-2002-ci illər ərzində 8 konfrans), “Dövrülük və kosmoloji problemlər” (2003), “ŞAR-ın əsasının qoyulmasının 60 illiyinə həsr olunmuş Beynəlxalq konfrans” (2013) və sairləri göstərmək olar.

ŞAR-ın fəaliyyəti dövründə rəsədxana əməkdaşları bir sıra aktual mövzular üzrə xarici  ölkələrin astronomları ilə birgə işlər yerinə yetirir. Günəş fizikası və Günəş-Yer problemi üzrə Rusiya, Almaniya, İsrail, Bolqarıstan, Gürcüstan və s. ölkələrin ayrı-ayrı astronomik təşkilatları ilə sıx əməkdaşlıq yaranmışdır. Ulduz fizikası istiqaməti üzrə Rusiyanın bir neçə rəsədxanasının əməkdaşları ilə birgə tədqiqatlar aparılır (Rusiya EA XAR, Moskva DU-nun Şternberq ad. Dövlət Astronomiya İnstitutu, Sankt-Peterburq DU və s.).

Komet və meteorların tədqiqi üzrə Rusiya, Ukrayna, Tacikstan və s. ölkələrin astronomları ilə sıx əlaqələr yaradılmış və birgə işlər həyata keçirilir. ŞAR əməkdaşları xarici dövlətlərdə keçirilən konqress, simpozium və konfransların işində ardıcıl və fəal iştirak edir, dünya astronomlarını rəsədxanada aparılan işlər barədə məlumatlandırırlar. Rəsədxana ərazisində ABŞ-ın məşhur Stenford Universitetinin səyyar qurğusu fəaliyyət göstərir.

 

Xəbərlər Elanlar