RƏSƏDXANANIN QISA TARİXİ


Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə Astrofizika Sektoru və onun Pirqulu Astronomiya Stansiyasının əsasında, Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılmışdı.

Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış, daimi fəaliyyət göstərən astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. 

Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün müvafiq və əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulur. Rəsədxana Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində Astrofizika şöbəsi (1954), sonradan Elmlər Akademiyasının Astrofizika Sektoru (1956) kimi  fəaliyyət göstərir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu kimi Azərbaycan EA struktruna daxil edilir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960-1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir. 1953-59-cu illərdə astronomik müşahidələrlə yanaşı, gələcək rəsədxananın layihələşdirilməsi, astronomiya ixtisası üzrə kadrların hazırlanması, teleskop və avadanlıqla təchizatı, rəsədxananın strukturu və s. məsələlər  üzərində ciddi iş aparılır. 1957-ci ildə Pirqulu Astronomiya Stansiyasında ilk teleskop  qurulmuşdur (Xromosfer-Fotosfer Günəş teleskopu). 1959-cu ildə isə 200 mm-lik fotoelektrik teleskop istifadəyə verilmiş və onun vasitəsilə  ərazinin astroiqliminin öyrənilməsi məsələsi öz həllini tapmışdır. 

Sonrakı illərdə: Üfüqi Günəş teleskopu  (1962), AST-452 teleskopu (1964), AZT-8 teleskopu (1970), “Seyss-600” (1980) teleskopu istifadəyə verilmişdir. 

Şamaxı Astrofizika Rəsədxanasının təchizatında 2 metrlik teleskopun alınması (Almaniya Demokratik Respublikası-nın “Karl Seyss” firmasında istehsal olunmuşdur) və 1966-cı ilin sentyabrında  istifadəyə verilməsi, xüsusi əhəmiyyət kəsb edir. Nəinki ŞAR-ın fəxri, Azərbaycan eksperimental  elminin bayraqdarı sayılan bu məşhur optik teleskopun alınmasında və operativ şəkildə qurulmasında Azərbaycan EA-nın keçmiş prezidenti, mərhum akademik Yusif Məmmədəliyevin, Akademiyanın vitse-prezidenti, xalq şairi Səməd Vurğunun xüsusi rolu olmuşdur. 1960-1980-ci illərdə Şamaxı Rəsədxanasında intensiv şəkildə astrofiziki müşahidələr təşkil olunmuşdur. 

Elə həmin illərdə də astrofizika ixtisası üzrə kadrların hazırlanması işinə böyük diqqət verilmişdir. Bu məqsədlə 1976-cı ildə ulu öndərimiz Heydər Əliyevin  xüsusi göstərişi ilə Azərbaycan Dövlət Universitetində Astrofizika kafedrası yaradılmışdır. Sonralar həmin kafedra ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynamışdır. 1981-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasına Azərbaycanın dahi astronomu Nəsirəddin Tusinin adı verilmişdir. Rəsədxananın nəzdində ŞAR-ın Batabat Bölməsi (1973-cü il) və Ağdərə Astronomiya Stansiyası 1997-ci il) (Naxçıvan Muxtar Respublikası) yaradılmışdır. 2002-ci ildə o, respublika Prezidentinin qərarı ilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin tərkibinə keçirilmiş və indi sərbəst rəsədxana kimi fəaliyyət göstərir.

Şamaxı Astrofizika Rəsədxanasının həm də Bakı Şəhərində Bölməsi (BŞB) təşkil olunmuş, burada nəzəri tədqiqatçılar və paytaxtda yaşayan mütəxəssislər fəaliyyət göstərir. BŞB rəsədxananın fəaliyyətinin koordinasiyasında və onun AMEA-nın digər strukturları və institutları ilə qarşılıqlı əlaqələrində də xüsusi əhəmiy-

yət kəsb edir. Burada həm də dissertasiya müdafiələri, müntəzəm elmi seminarlar keçirilir, rəsədxananın elmi əsərləri yığılır və onun rəsmi VEB-saytı idarə olunur. Şamaxı Astrofizika Rəsədxanasında astronomiya tarixi muzeyi fəaliyyət göstərir. Muzey rəsədxananın və bütövlükdə astronomiyanın təbliğində vacib rol oynayır. Azərbaycanda astronomiyanın inkişafındakı nailiyyətlərə görə Beynəlxalq Astronomiya İttifaqı 1970-2011-ci illərdə yeni tapılmış asteroidlərə “Azərbaycan”, “ŞAR”, “Nizami”, “Cavid”, “Müslüm Maqomayev”, “Tusi”, “Ayyubguliev” adları vermişdir. Merkuri planetində bir kraterə Nizami, Marsda kraterə ŞAR-ın mərhum əməkdaşı Nadir İbrahimovun, Ayda bir kraterə isə Nəsirəddin Tusinin adı verilmişdir. Hazırda kiçik göy cisimlərinə və eləcə də planetlərin kraterlərinə verilmiş adların 13-ü Azərbaycanla bağlıdır. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan astronomiyasının artan şöhrətinin və nüfuzunun nəticəsidir.

Şamaxı Astrofizika Rəsədxanasında yetişmiş alim və mütəxəssislər bu gün dünyanın bir çox ölkələrinin, o cümlədən ABŞ, İsrail, Ukrayna, Rusiya, Türkiyənin elmi  müəssisələrində öz fəaliyyətlərini uğurla davam etdirirlər. Rəsədxana Azərbaycan elminin təbliğində də əhəmiyyətli rol oynayır. Buraya gələn çoxsaylı xarici qonaqların sırasında dövlət başçıları, nazirlər, diplomatlar, deputatlar, görkəmli elm xadimləri, o cümlədən Nobel mükafatı laureatları, Akademiya prezidentlərinin gəlişi xüsusi əhəmiyyət kəsb edir.

2009-2013-cü illərdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında, Azərbaycan Respublikasının Prezidenti cənab İ.H.Əliyevin sərəncamları əsasında, yenidənqurulma işləri aparılmışdır. Cənab Prezidentin Azərbaycan elminə göstərdiyi diqqət və qayğısı nəticəsində rəsədxananın yaşayış bölməsi tamamilə yenilənmiş, onun baş korpusu əsaslı təmir olunmuş (yeni astronomiya muzeyi, böyük konfrans zalı və s. əlavə olunmuşdur), yeni laboratoriya korpusu tikilmiş və teleskoplar yerləşən binalar əsaslı təmir olunmuş, bir sıra yardımçı obyektlər (yeməkxana, qazanxanalar, yarımstansiyalar və s.) istifadəyə verilmiş, böyük həcmdə abadlıq işləri yerinə yetirilmişdir. Müasir standartlara cavab verən yeni kommunikasiya xətləri (qaz, su, elektrik enerjisi, telefon və s.) çəkilib istifadəyə verilmişdir. 2 m-lik teleskop tam modernləşdirilmiş və avtomatlaşdırılmışdır.

Astronomik  güzgülərin səthinin alüminiumlaşdırılması üçün B-240 vakuum qurğusu 2007-ci ildə bərpa olunmuşdur. Onun yerləşdirilməsi üçün xüsusi bina tikilib istifadəyə verilmişdir. 2013-cü ilin yay aylarında ŞAR-ın tarixində ilk dəfə olaraq güzgülərin alüminiumləşdirilməsi prosesi yerli mütəxəssislər tərəfindən aparılmışdır. Adıçəkilən nadir qurğunun olması Şamaxı Astrofizika Rəsədxanasına təkcə öz güzgülərinin yox, eləcə də region rəsədxanalarının güzgülərinə müntəzəm olaraq alüminium qatının çəkilməsinə imkan verir. 

Rəsədxanada elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem üzrə aparılır: “Ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi” (göy cisimlərində baş verən qeyri-stasionar proseslərin və onların təbiətinin tədqiqi) və “Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası” (Günəş atmosferində fəal qurumların dinamika və  fizikası, Günəş-Yer əlaqələri, planet atmosferlərinin və onların peyklərinin tədqiqi, komet, asteroid, Günəş sistemi cisimlərinin hərəkəti, onların quruluşu, fizikası  və təkamülü). Bunlardan başqa, astronomiyanın tarixi, nəzəri tədqiqatlar, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif  Kosmik hava faktorlarından (Günəş fəallığı, maqnit fırtınaları və s.) asılılığı və s. problemlər üzrə tədqiqatlar aparılır.

Rəsədxananın fəaliyyəti dövründə  əməkdaşlar tərəfindən astronomiya üzrə 100-dən çox monoqrafiya, kitab, dərslik, kataloq, elmi-kütləvi kitablar yazılmış və nəşr edilmişdir. 40 illik tarixə malik olan  “ŞAR-ın Sirkulyarı” jurnalının 120 nömrəsi çapdan çıxmışdır. 2006-cı ildən başlayaraq “Azərbaycan Astronomiya Jurnalı” nəşr olunmağa başlayıb. Bununla yanaşı, Rəsədxana ingilis dilində nəşr olunan beynəlxalq səviyyəli “Sun and Geosphere” jurnalının buraxılmasında da iştirak edir. ŞAR-ın mövcud olduğu dövr ərzində onun əməkdaşları xarici və yerli  jurnallarda 2500-dən artıq məqalə çap etdirməyə nail olmuşlar.

Şamaxı Astrofizika Rəsədxanasında bir sıra beynəlxalq və respublika səviyyəli simpozium və konfranslar keçirilmişdir. Bunların arasında Beynəlxalq Astronavtika Federasiyasının konqresini (1972), maqnit ulduzların tədqiqinə həsr olunmuş konfranslar (1973, 1976), SSRİ EA Astronomiya Şurasının plenumu (1984), “Tusi-800” Məclisləri (1998-2002-ci illər ərzində 8 konfrans), “Dövrülük və kosmoloji problemlər” (2003), “ŞAR-ın əsasının qoyulmasının 60 illiyinə həsr olunmuş Beynəlxalq konfrans” (2013) və sairləri göstərmək olar. 

ŞAR-ın fəaliyyəti dövründə rəsədxana əməkdaşları bir sıra aktual mövzular üzrə xarici  ölkələrin astronomları ilə birgə işlər yerinə yetirir. Günəş fizikası və Günəş-Yer problemi üzrə Rusiya, Almaniya, İsrail, Bolqarıstan, Gürcüstan və s. ölkələrin ayrı-ayrı astronomik təşkilatları ilə sıx əməkdaşlıq yaranmışdır. Ulduz fizikası istiqaməti üzrə Rusiyanın bir neçə rəsədxanasının əməkdaşları ilə birgə tədqiqatlar aparılır (Rusiya EA XAR, Moskva DU-nun Şternberq ad. Dövlət Astronomiya İnstitutu, Sankt-Peterburq DU və s.). Komet və meteorların tədqiqi üzrə Rusiya, Ukrayna, Tacikistan və s. ölkələrin  astronomları ilə sıx əlaqələr yaradılmış və birgə işlər həyata keçirilir. ŞAR əməkdaşları xarici dövlətlərdə keçirilən konqress, simpozium və konfransların işində ardıcıl və fəal iştirak edir, dünya astronomlarını rəsədxanada aparılan işlər barədə məlumatlandırırlar.