AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş növbəti onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, vitse-prezident, akademik Rasim Əliquliyev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, ictimaiyyətlə əlaqələr, təhsil və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eləcə də həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev iclasın Biofizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının 2020-ci ildə aprılmış elmi tədqiqat işlərinin yekunlarına həsr olunduğunu bildirib.
Öncə Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov institutun illik hesabatını təqdim edərək cari ildə elmi müəssisədə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, institutun beynəlxalq əlaqələri barədə məlumat verib. Bildirib ki, bu il müəssisə əməkdaşları tərəfindən “Bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində 2 mövzu üzrə 5 elmi-tədqiqat işi aparılıb və onlardan 2-si başa çatdırılıb. Əldə olunmuş nəticələr 1 monoqrafiya, 7 tezis, 12 məqalədə əksini tapıb. Bu məqalələrin 4-ü xarici elmi jurnallarda dərc olunub. 2020-ci ildə institut əməkdaşlarının nəşrlərinə 172 istinad qeydə alınıb. Alim əlavə edib ki, cari ildə müəssisədə 6 qrant layihəsi çərçivəsində tədqiqatlar aparılıb.
İnstitutun direktoru, həmçinin rəhbərlik etdiyi elmi müəssisədə 2020-ci ildə aparılan elmi-tədqiqat işlərinin nəticələri, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin elmi əhəmiyyəti və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirib ki, müəssisədə COVID-19 pandemiyası ilə əlaqədar aparılan araşdırmalar TƏBİB-in müalicə protokoluna daxil edilib.
Sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov rəhbərlik etdiyi qurumun cari ildəki hesabatını təqdim edib. Elmi müəssisdə 248 tədqiqat işinin aparıldığını deyən M.Mərdanov əldə olunmuş nəticələrin 3 kitab, 68 tezis, 163 məqalədə əksini tapdığını vurğulayıb. Alim bu məqalələrdən 129-nun nüfuzlu “Web of Science” (WOS), 31-nin “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il alimlərimizin əsərlərinə 2415 istinad qeydə alınıb.
AMEA-nın müxbir üzvü vurğulayıb ki, rəhbərlik etdiyi elmi müəssisədə cari ildə 6 qrant layihəsi çərçivəsində tədqiqat işləri aparılıb: “Hesabat ilində WOS-un bazasına daxil olan jurnallarda institutun hər bir aliminə bir məqalə düşür. İnstitutda ingilis dilində hazırlanan 4 jurnal çap olunur. Onlardan institutun “Elmi Əsərləri”, “AMEA-nın Xəbərləri -Riyaziyyat” bölməsi və “Azərbyacan Riyaziyyat jurnalı” jurnalları “Scopus”un bazasına daxil edilib və impakt faktora malikdir”.
İdarəetmə Sistemləri İnstitutunun 2020-ci ildəki hesabatını müəssisənin direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov təqdim edib. Alim bildirib ki, müəssisədə hesabat ilində elmi-tədqiqat işləri AMEA-nın “2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrasından irəli gələn qeyri-neft sektorunun inkişafında elmin yaxından iştirakı, elmi nəticələrin kommersiyalaşdırılması, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması ilə bağlı səmərəli metodların işlənməsi istiqamətində aparılıb.
Qeyd olunub ki, hesabat ilində institut alimləri tərəfindən 2-si kitab olmaqla 276 elmi əsər işıq üzü görüb. Onlardan 59-u “Web of Science” bazasında, 23-ü isə “Scopus” bazasında çap olunub. Çapdan çıxan elmi əsərlərə il ərzində WOS-da 389, “Google Scholar”da isə 1321 istinad olunub. Hesabat ilində institut tərəfindən 6 Avrasiya, 2 Respublika patenti alınıb və müəssisədə aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında 6 iş tətbiq edilib.
Ə.Sadıqov institut alimləri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında tədbirlər planına dair 14 təklifin irəli sürüldüyünü qeyd edib. O, həmçinin 2020-ci ildə institutun təqdim etdiyi 2 layihənin qranta layiq görüldüyünü iclas iştirakçılarının diqqətinə çatdırıb.
Əlavə olaraq Ə.Sadıqov 11 mart 2020-ci il tarixində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdıməhəmmədovun iştirakı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu"nun Azərbaycanın Xarici işlər və Türkmənistanın Təhsil nazirləri tərəfindən imzalandığını və bu sənədin icrası ilə əlaqədar birgə layihənin yerinə yetirilməsinin nəzərdə tutulduğunu bildirib.
Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək institutun əməkdaşları tərəfindən “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi boyunca “Dəmir yolu yatağının təhlükəsizliyi”, “Öncədən seysmik xəbərdarlıq sistemi” layihələri üzrə hazırlıq işlərinin aparıldığını bildirib. O, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda bir neçə yüksək tətbiqi əhəmiyyətli elmi nəticələrin alındığını və onların xarici ölkələr tərəfindən də maraqla qarşılandığını qeyd edib. Akademik T.Əliyev iclasda iştirak edən digər elmi müəssisələrin alimlərini də bu layihələrdə yaxından iştirak etməyə dəvət edib.
Daha sonra çıxış edən akademik Rasim Əliquliyev biofizika sahəsində aparılan araşdırmaların daha da genişləndirilməsi, eləcə də bölmənin digər institutları ilə birgə multidissiplinar tədqiqatların aparılmasının vacibliyini qeyd edib. Vitse-prezident riyazi kriptoqrafiya, kvant kriptoqrafiyası və hesablama riyaziyyatı istiqamətində görülməli olan vacib işlərdən, eləcə də ölkəmizin orta və ali təhsil sistemində riyazi təhsilin keyfiyyətinin müasir dövrün çağırışları və tələblərinə uyğunlaşdırılmasının zəruriliyindən danışıb.
Aparılan müzakirələrdə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov, akademiklər - Nazim Məmmədov, Telman Əliyev, Əli Abbasov, Fikrət Əliyev, Yusif Məmmədov, müxbir üzvlər - Misir Mərdanov, Əminağa Sadıqov, Ramiz Alıquliyev, Bilal Bilalov, Əyyub Quliyev, Vaqif Quliyev, Qeylani Pənahov, Qorxmaz İmanov yaxından iştirak edərək fikir və suallarını səsləndiriblər.
Sonda FRTEB-nin Ümumi yığıncağı Biofizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının 2020-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.